ELNUR MƏMMƏDLİ: "MƏNİM ÜÇÜN AYAQ OLANDA YAXŞI İDİ"

ELNUR MƏMMƏDLİ: "MƏNİM ÜÇÜN AYAQ OLANDA YAXŞI İDİ"
Digər, Cüdo
09 May 2016 - 09:15
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin Supersport.Az-a müsahibəsi.

- Artıq Bakıda keçirilən “Böyük Dəbilqə” cüdo yarışları başa çatdı. Millimiz turniri ancaq iki bürünc medalla başa vura bildi. Fikirləriniz...

- Turnir çox yüksək səviyyədə keçirildi. Təşkilatçılıq da əla idi. İdmanda uğur da var, uğursuzluq da. Əsas odur ki, komandamızın üzvlərindən heç kim zədə almadı. Bizim idmançılarımız bir müddət əvvəl başa çatan Kazanda keçirilən Avropa çempionatında komanda hesabında üçüncü olmuşdu. O yarışdan sonra burda uğurlu çıxış etmək çətin idi. Bakıdakı çempionat isə çox gözəl keçdi. Qonaqlarımız da hər biri yarışdan və təşkilatçılıqdan razı qaldı.

- Təbii ki, bütün yarışlarda istəyirsiniz uğur olsun. Bu yarışda daha böyük uğurların olmamasının səbəbi nə idi?

- Səbəb təbii ki, var idi və bunu ən yaxşı baş məşqçi bilə bilər. Məncə bir həftə əvvəl başa çatan Avropa çempionatındakı yorğunluq burda öz sözünü dedi. Bizim əsas fikrimiz Rio Olimpiya Oyunlarıdır. Bu yarışda lisenziya xalları da qazandıq. Bu günlə yaşamamalıyıq. Əsas hədəfimiz Rio Olimpiadasıdır.

- Meksikada keçiriləcək çempionata da cüdo millimiz güclü heyətlə gedəcək?

- Bunu da ən yaxşı baş məşqçimiz bilər. Qarşıdakı günlərdə yəqin ki, baş məşqçi buna qərar verəcək.

- Artıq Rio Olimpiadasına 6 çəkidə vəsiqə təmin edilib. Daha çox kimə ümidiniz böyükdür?

- Mənim hər 6 idmançıya ümidim böyükdür. Onlar zəif idmançılar olsaydılar, ora vəsiqə qazana bilməzdilər. İnanıram ki, hər biri özünə görə bözəl nəticə qazanacaqlar.

- Sizin çıxış etdiyiniz 73-kq çəki dərəcəsində indi Rüstəm Orucov güləşir. Onu Olimpiya çempionu kimi görürsünüz?

- Niyə də olmasın?! Rüstəmin çox böyük potensialı var. Güclü idmançıdır.

- Cüdoda əvvəl ayaqa "girmək" var idi. İndi isə bu fənd ləğv edilib. Bir olimpiya çempionu kimi düşünmürsünüz ki, bu qərar cüdonu daha da sadələşdirib və maraqsız edib?

- Mənim üçün ayaq olanda daha yaxşı idi. Mən olimpiya çempionu olanda bu fənd var idi. Amma ləğv ediləndən sonra mən bir dəfə Avropa çempionu, iki dəfə də master çempionatda qalib olmuşam. Ancaq bu fənd yaxşı idi, cüdonu daha maraqlı edirdi. Ayaq olsa, daha yaxşı olardı.

Digər xəbərlər