AZAD RƏHİMOV "BÖYÜK DƏBİLQƏ"NİN AÇILIŞINDA

AZAD RƏHİMOV "BÖYÜK DƏBİLQƏ"NİN AÇILIŞINDA
Maqazin
06 May 2016 - 21:00
Bu gün Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı keçirilib.

Supersport.Az-ın məlumatına görə, tədbirə iştirakçı ölkələrin bayraqlarının meydana daxil olması ilə start verilib. Mərasimdə ilk çıxış edən gənclər və idman naziri Azad Rəhimov ən nüfuzlu yarışların Azərbaycanda qürur hissi ilə və yüksək səviyyədə keçirildiyini söyləyib. O, dövlət başçısı İlham Əliyevin idmana, idmançılara göstərdiyi qayğının böyük uğurlara təkan verdiyini vurğuladı və ölkə prezidentinə minnətdarlığını bildirib. Nazir öz çıxışının davamında bunları söyləyib:

“Azərbaycan idmanının təntənəsi ötən il ilk Avropa Oyunlarının keçirilməsi oldu. Hazırda isə 17 yaşadək futbolçular arasında Avropa çempionatı, velosiped üzrə “Tour d΄ Azerbaidjan” və “Böyük dəbilqə” kimi yarışlarla yanaşı, gələn ay “Forfmula-1” üzrə Avropa Qran-prisi, sentyabrda Ümumdünya Şahmat Olimpiadası və 2017-ci il İslam Həmrəyliyi Oyunları Azərbaycanın qüdrətini nümayiş etdirdi. İnanıram ki, cüdo üzrə “Böyük dəbilqə” turnirində də idmançılarımız uğurlarını davam etdirəcəklər”.

Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Nasir Əl Xamimi Bakıda keçirilən “Böyük dəbilqə” turnirində iştirak etməkdən qürur duyduğunu diqqətə çatdırıb. Xamimi Azərbaycan Cüdo Federasiyasına və idmançılara uğurlar diləyib. Rəsmi hissənin sonunda Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirini açıq elan edib və güclülərin qalib gəlməsini arzulayıb.

Daha sonra Azərbaycan Dövlət Himni səsləndirilib və bədii hissə başlayıb. Bədii hissədə Bakının qədim və müasir görkəmini əks etdirən kompozisiyalar nümayiş etdirilib. Cüdo geyimli rəqqasların rəqsinin xalq artisti Mənsum İbrahimovun ifasında "Qarabağ" şikəstəsinə keçidi azarkeşlərin gurultulu alqışları ilə qarşılanıb. Bədii hissə "Natiq" ritm qrupunun çıxışı və müxtəlif rəqs ifaları ilə başa çatıb.

Digər xəbərlər