FORMULA - 1 PİLOTLARI AVROPA QRAN PRİSİNİ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRLƏR

FORMULA - 1 PİLOTLARI AVROPA QRAN PRİSİNİ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRLƏR
Digər, Formula-1
06 May 2016 - 22:29

Hamilton, Rosberq, Alonso və digər pilotlar bu il 17-19 iyun tarixlərində Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinə tam hazırdırlar.



Supersport.Az-ın əldə etdiyi məlumata görə, dünyanın ən məşhur Formula 1 pilotları ən yeni şəhər treki olan Bakı Şəhər Halqasında keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün bu yay ilk dəfə olaraq Bakıya səfər etməyi səbirsizliklə gözlədiklərini ifadə ediblər.

Azərbaycanda ilk dəfə baş tutacaq Formula 1 yarışında iştirak edəcək üçqat dünya çempionu Luis Hamilton, onun komanda yoldaşı və hazırda davam edən Formula 1 Dünya Çempionatının lideri Niko Rosberq (Mercedes AMG Petronas), Daniel Rikkardo (Red Bull Racing), Valteri Bottas (Williams Martini Racing), Niko Hulkenberq (Sahara Force India), o cümlədən,  ikiqat dünya çempionu və Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso (McLaren Honda) Formula 1 təqvimindəki ən yeni şəhər treki barədə fikirlərini Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə bölüşərək, qarşıdan gələn və şəhər trekləri arasında ən sürətlisi olacağı gözlənilən yarışda güclərini sınamaqdan məmnun olduqlarını bildiriblər:

Luis Hamilton: “Mən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm. İştirak edəcəyim bu yarışa ev sahibliyi edəcəyiniz üçün təşəkkürümü bildirirəm. Bacardığım qədər çox insanla görüşməyə çalışacağam. Bu yarışı həvəslə gözləyirəm”.

Niko Rosberq: “Avropa Qran Prisinin keçirilməsi çox təqdirəlayiq haldır və ümid edirəm ki, çoxlu sayda avropalı azarkeş bu yarışı izləməyə gələcək. Əminəm ki, əhval-ruhiyyə çox yüksək olacaq”.

Daniel Rikkardo: “Bu yarış (Avropa Qran Prisi) yeni bir macəradır. Bu yarış mövsümə yeni əhval-ruhiyyə gətirəcək. Ən əsası, bu, şəhər treki olacaq. Mən şəhər treklərini xoşlayıram”.

Valtteri Bottas: “Mən Bakıda yarışmağı həvəslə gözləyirəm. Əslində, mən heç vaxt orada olmamışam. Odur ki, Bakı mənim üçün həm səyahət edəcəyim yeni bir məkan, həm də yarışacağım yeni trek olacaq. Mən həqiqətən də bu yarışı böyük səbirsizliklə gözləyirəm”.

Niko Hulkenberq: “Mən yarışların şəhər treklərində keçirilməsini alqışlayıram. İndi hamı Bakı Şəhər Halqasının qədim şəhərdən keçən hissəsi barədə danışır. İçəri Şəhərdən keçən o yol getdikcə daralır. Məncə bu, kifayət qədər maraqlıdır”.

Fernando Alonso: “Bu trek həddindən artıq sürət yığmağa imkan verən bir trekdir. Fikrimcə, Bakıdakı yarışda biz ən yüksək sürətə, 340 km/saata çata bilərik. Şəhər trekində belə sürət əldə etmək əvəzolunmaz bir hissdir”.

Digər xəbərlər