"AZƏRBAYCAN CÜDODA SON 15 İLDƏ BÖYÜK İRƏLİLƏYİŞƏ NAİL OLUB" - VİDEO

"AZƏRBAYCAN CÜDODA SON 15 İLDƏ BÖYÜK İRƏLİLƏYİŞƏ NAİL OLUB" - VİDEO
Digər, Cüdo, Video
06 May 2016 - 10:59
Bakıda təşkil olunacaq cüdoçuların "Böyük dəbilqə" turniri ilə bağlı mətbuat konfransı keçirilib.

Supersport.Az-ın xəbərinə görə, Azərbaycan Cüdo Federasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu yarışa ciddi hazırlıq getdiyi və 80 ölkənin 500-dən çox idmançısının medallar uğrunda mübarizə aparacağı haqda məlumat verib.

Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Daniel Laskau ölkəmizin cüdo federasiyasının son 15 ildə böyük irəliləyişə nail, bu yarışın dünya cüdoçuları üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib.

“Turnirdə olimpiya, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları yarışacaq. Azərbaycan artıq titullu idmançılara malikdir. Ölkənizdə ötən illə müqayisədə daha böyük inkişafın şahidiyik. Federasiyanıza, gənclər və idman nazirliyinizə və sponsorlara təşəkkür edirəm. Onlarla yanaşı, bir çox könüllünün xidmətindən yararlanacağıq. 3 gün davam edəcək yarışda yüksək səviyyəli döyüşlərin şahidi olacağımıza inanıram”.
Hakimlər Komitəsinin rəhbəri Berd Axill deyib ki, yarışa hazırlıq yüksək səviyyədədir. Turnirdəki referilərin əksəriyyətinin Rio Yay Olimpiya Oyunlarını da idarə edəcəyi qeyd olunub.

ACF-nin baş katibi Elmar Babanlı 4 il öncə “Böyük dəbilqə” kimi nüfuzlu yarışı Azərbaycana həvalə etdiyi üçün İJF-yə minnətdarlıq edib. O, turnirin daha 4 il Bakıda təşkili məqsədilə danışıqların aparılacağını diqqətə çatdırıb: “Bu yarış idmançılarımız üçün xal ehtiyatlarını yaxşılaşdırmaq və olimpiadaya lisenziya xallarını artırmaq baxımından yaxşı fürsətdir. İnanıram ki, cüdosevərlər üç gün ərzində gözəl mübarizəsinin şahidi olacağıq”.

Cüdo üzrə Azərbaycan millisinin məşqçisi Mövlud Mirəliyev yarışa yüksək səviyyədə hazırlaşdıqlarını bildirib. Bu yaxınlarda Avropa çempionatında 1 qızıl, 1 gümüş və ilk dəfə komanda yarışında 1 bürünc medal qazandıqlarını xatırladan mütəxəssis, “Böyük dəbilqə”də ev sahibi kimi üstünlükdən yararlanmağa çalışacaqlarını vurğulayıb. Məşqçi, yarışda minimum məqsədin 3-4 medal qazanmaq olduğunu söyləyib.

Digər xəbərlər