"KƏPƏZ"AVROLİQADA OYNAMAĞA LAYİQDİR"

"KƏPƏZ"AVROLİQADA OYNAMAĞA LAYİQDİR"
Futbol
04 May 2016 - 18:42
“Kəpəz”in futbolçusu Şəhriyar Rəhimovun klubun saytına müsahibəsini Supersport.Az saytı sizə təqdim edir.

- Şəhriyar, əvvəlcə “Rəvan” ilə oyun haqda fikirlərini öyrənmək istərdim.

- “Rəvan” autsayder olduğuna görə çoxları elə fikirləşirdi ki, biz evdə asan qələbə qazanacağıq. Amma gördüz ki, oyun çox gərgin alındı. AZAL üzərindəki qələbənin rəqibə motivasiya verdiyini bilirdik, bunu da “Rəvan” ilk dəqiqələrdən meydanda hiss etdirdi. İlk hissədə bir neçə qol vəziyyətindən lazımınca yararlansaydıq, bizim üçün çox da çətin olmayacaqdı. Hesab 1:1 olandan sonra komandada çaşqınlıq yarandı. Amma fasilədən sonra xarakter göstərib nəticəni öz xeyrimizə dəyişdik.

- “Kəpəz”in cari mövsümdəki çıxışını necə qiymətləndirirsən?


- Fikrimcə, çıxışımız yaxşıdır. Bəzi oyunları çıxmaq şərtilə bir çox matçlarda istədiyimiz nəticəni qazanmışıq. Çempionatda işlərimiz qaydasındadır. Son dörd görüşdə də sərfəli nəticə qazanıb Avroliqaya vəsiqəyə sahib olmaq istəyirik.

- Mövsümün əvvəlində debütant kimi komandadan bu cür çıxış gözlənilmirdi. Nəyin hesabına buna nail oldunuz?

- “Kəpəz” böyük klubdur, tarixi zəngindir. Klubun böyük ənənəsi var. Mövsümün əvvəlində komandaya böyük ümidlər bəslənməsə də, biz gözləntilərin artığını verdik. Düzdü, hələ çempionat yekunlaşmayıb, inşallah, sonluq bundan da yaxşı olar. Nəticələrimiz göstərir ki, biz Avropa Liqasında oynamağa layiq komandayıq. O ki qaldı buna nəyin hesabına nail olduğumuza, komandamızda birlik var, hamı bir-biri ilə mehribandır. Rəhbərlik, məşqçilər və futbolçular bir məqsəd üçün birləşib. Hamısı bunun nəticəsidir.

- İstəyirəm lap əvvələ qayıdaq. Gəncə klubundan dəvət alanda ilk reaksiyan necə oldu?

- Fikirləşmədən təklifi qəbul etdim. “Kəpəz”in və baş məşqçimiz Şahin Diniyevin adı həlledici oldu. Bu komandadan və Diniyevdən təklif almaq qürurvericidir. Şahin müəllim təcrübəli mütəxəssisdir, futbolçunu bir kəlmədən başa düşən məşqçidir. O, kollektivdə yaxşı atmosfer yaratmağı bacaran adamdır. Mümkün deyil ki, hansısa futbolçu ondan dəvət alanda düşünməyə vaxt istəsin. “Kəpəz”dən gələn təklif ürəyimcə idi, ona görə ilk və sonrakı reaksiyam da eyni oldu. Dəvətə çox sevindim.

-  Şahin Diniyev komandada yerli futbolçulara daha çox yer verib. Bu məqam sizlərə özünü ən yaxşı tərəfdən göstərmək imkanı yaradır. Sən nə düşünürsən?

- Düzdü, komandada yerli oyunçular üstünlük təşkil edir. Bu, baş məşqçinin seçimi, strategiyasıdır. Yəqin ki, hamı istəyər ki, azərbaycanlı futbolçular oynayıb inkişaf etsinlər. Şükürlər ki, biz futbolçular da oyunumuzla düzgün yolda olduğumuzu göstəririk.

- Amma razılaşaq ki, legionerlərin də komandanın uğurlu çıxışında rolu az deyil.

- Bəli, elədir. İlk öncə onu deyim ki, hər şeydən əvvəl komandamızın əcnəbi üzvləri yaxşı insandılar. Biz onlarla öz aramızda heç bir fərq qoymuruq, futbolda və ondan kənarda da hər zaman bir yerdəyik. Legionerlərimiz komandanın əsas və aparıcı futbolçularıdır. Julien Ebah, Junior Martins, Tadas Simaitis və Dario Frederiko oyunu ilə səviyyəsini sübut edib. Xüsusən də, sonuncu zədələnməsəydi, bizə lap çox kömək edəcəkdi. Komandamız Dariosuz da futbol oynamağı və qələbə qazanmağı bacarır.

- Çempionatda sənin  üçün hansı oyunlar daha yadda qalan olub?

- Yadda qalan oyunlarımız çox olub. Elə Qəbələdə dumana görə iki gün oynadığımız və qələbə qazandığımız matçı misal göstərərdim. Səfərdə “Neftçi” üzərində qazandığmız qələbəni qeyd edərdim. Uzun müddət idi ki, “Kəpəz” bu rəqibini məğlub edə bilmirdi. Qələbə qazanmasaq da, yaxşı oyun nümayiş etdirdiyimiz matçlar da olub. “Qarabağ”la ev oyunlarımız buna misaldır.

- Uzun marafondan yorulmamısan?

- Yox, mübarizə aparmaqdan yorulmamışam. Çempionat maraqlı gedir, medal qazanmaq şansımız da var. Məncə, buna görə hamı sona kimi əzmlə oynamaq istəyir.Onu da deyim ki, fiziki yorğunluq var, çünki artıq çempionatın sonudur. Heyətdə elə də çox futbolçumuz yoxdur ki, istirahət etmək imkanımız olsun. Əsas psixoloji cəhətdən yorulmamaqdır. Bu, istədiyimiz məqsədə çatmaq üçün ən əsasdır.

- Azarkeşlərimiz haqda nə deyə bilərsən?

- Bu vaxta kimi oynadığım klubların bu qədər azarkeş dəstəyi olmayıb. Fikrimcə, heç bir komandanın Gəncədə olduğu kimi azarkeş dəstəyi yoxdur. Buna görə fanatlarımıza təşəkkür edirəm. Nəticədən asılı olmayaraq hər oyun stadiona gəlib bizi dəstəkləyirlər. Futbolçu üçün dolu tribunalar önündə oynamaq çox vacibdir. Özümüzü çoxlu sayda azarkeşin qarşısında əsl futbolçu kimi hiss edirik. Biz də həmişə çalışırıq onları qələbələrlə sevindirək.

- Bəziləri “Kəpəz”i “ev” komandası adlandırırlar. Sizin yalnız Gəncədəki oyunlarda azarkeşlərin hesabına rəqibləri məğlub edə bildiyiniz, səfərdə isə bunsuz zəif çıxış etdiyiniz deyilir...

- Fanatlar bizim üçün doğrudan da böyük qüvvədir. Amma bu o demək deyil ki, biz “ev” komandasıyıq. Əlbəttə, hər bir komanda doğma meydanda daha yaxşı çıxış edir. Bu, əslində normal bir şeydir. Amma biz səfər oyunlarında da az xal toplamamışıq. “Qəbələ” və “Neftçi” kimi komandaları səfərdə məğlub etmişik.“Kəpəz” rəqib meydanlarında da qələbəyə oynayır. Rəqibin kimliyindən asılı olmayaraq ev və səfər matçlarında məqsədimiz üç xal qazanmaqdır.

- Avroliqaya vəsiqə qazanmaq şansının olması azarkeşləri lap çox həyacanlandırıb...

- Biz də sonluğun yaxşı olmasını arzulayırıq. Bura kimi gəlmişik, çalışıb məqsədimizə nail olmalıyıq. Yeni komanda kimi medal qazanıb qitəmiqyaslı turnirə vəsiqə əldə etsək, bu hamımız üçün böyük uğur olacaq. Avroliqaya da yalnız iştirak etmək xatirinə qatılmamalıyıq. Çalışıb ən azı bir mərhələ keçməliyik.

-  Son sual. Mövsümün sonuna az qalıb. Gələn mövsüm üçün də “Kəpəz”də qalmaq istəyirsən?

-  “Kəpəz”də oynadığım üçün çox xoşbəxtəm. Komanda ilə müqaviləm yayda başa çatır. Əgər yenə təklif olsa, düşünmədən razılıq verəcəyəm.

Digər xəbərlər