RONALDO: "İNSANLARIN XOŞUNA GƏLMƏSƏ DƏ, TARİXƏ DÜŞƏCƏYƏM"

RONALDO: "İNSANLARIN XOŞUNA GƏLMƏSƏ DƏ, TARİXƏ DÜŞƏCƏYƏM"
Futbol
04 May 2016 - 11:51
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"in Portuqaliya milli komandasının ulduz futbolçusu Kriştiano Ronaldo iddialı açıqlama verib.

UEFA-nın saytına danışan Ronaldo, keçdiyi yola nəzər salıb: 

"İnsanların xoşuna gəlsin və ya gəlməsin tarixə düşəcəyəm. Rəqəmlərin ortada olması buna işarədir. Bəzilərinin çox, bəzilərinin isə daha az xoşuna gəlirəm. Ancaq heç bir şübhəm yoxdur ki, indidən futbol tarixinə düşmüşəm.

Çempionlar Liqası tarixinin ən məhsuldar futbolçusu olduğumu bilmək mənim üçün fəxrdir. Bunu bacardığım üçün çox xoşbəxtəm. Bu, xüsusi bir yarışdır: "Real Madrid"in sevdiyi bir turnir. İki çempionluq qazandım və təbii olaraq daha çox uğur istəyirəm. Ümid edirəm ki, bu il də birinci olarcağıq".

31 yaşlı hücumçu azarkeşləri də sevindirmək üçün çalışdığını qeyd edib:

"Azarkeş hər zaman möhtəşəm futbolu və qolları sevir. Mənim işim də budur. Qələbə qazanmaq, yaxşı oynamaq, ən çox qol vurmaq, komandaya kömək etmək və matçın zövqünü çıxarmaq. Həzz almağı xüsusi vurğulamaq istəyirəm. Çünki futbol bu deməkdir: sevinc, həzz almaq və rəqabət".

Karyerasına "Sportinq" Lissabon klubunda başlayan Ronaldo, Fernando Kouto, Ruy Koşta, Luis Fiqu kimi portuqaliyalı futbolçuları diqqətdə saxladığını, ancaq heç bir idealı olmadığını bildirib.

O, ilk növbədə böyük klubda oynamaqdan çox, əsas məqsədinin milli komandanın üzvü olmaq olduğunu söyləyib:

"Futbola başladığım "Sportinq"də həmişə fərqli, ulduz futbolçu olacağımı hiss etdim və buna inandım. Ancaq hər şeyin bu qədər sürətli inkişaf edəcəyini düşünmədim. Digər tərəfdən, istedadlı olduğumdan özümü də hazırlayırdım. Hər zaman çox çalışdım, gücümə inandım. "Sportinq", "Mançester Yunayted", indi də "Real Madrid"də. Futbolçu və insan olaraq daha istəkli çalışıram. Bundan həzz alıram". 

Digər xəbərlər