"HAMI "QARABAĞ"DAN ÇEMPİONLAR LİQASININ QRUPUNA DÜŞMƏYİ GÖZLƏYİR"

"HAMI "QARABAĞ"DAN ÇEMPİONLAR LİQASININ QRUPUNA DÜŞMƏYİ GÖZLƏYİR"
Futbol
01 May 2016 - 22:31
"Çətin qarşılaşma oldu. "Zirə" doğrudan da asan təslim olmadı. Rəqib yaxşı hücumlar təşkil edirdi. Onların Nelson Bonilla kimi futbolçuları var. O, çox təhlükəli futbolçudur. Amma bu gün biz Nelsonu zərərsizləşdirə bildik".

Supersport.Az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov belə deyib.

“Qarabağ” Premyer Liqanın XXXII turunda “Zirə”ni məğlub edərək çempionluğunu rəsmiləşdirib.

Oyundan sonra açıqlama verən Hüseynov bundan sonra da arxayınlaşmayacaqlarını bildirib:

“Çempion olsaq da qarşıdakı qarşılaşmalarda yaxşı oyunla qələbələr qazanmağa çalışacağıq. Hər çempionluq çətin olur. Bu mövsüm ola bilər ki, klublardakı maliyyə durumuna görə çempionatın səviyyəsi aşağı düşmüşdü. Amma rəqiblər bizə qarşı meydana yaxşı motivasiya ilə çıxırdılar. Qarşıda kubok oyunu var. Bu oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq. Mövsümü qızıl dublla başa vurmaq istəyirik. Hamı bizdən Çempionlar Liqasının qrupuna düşməyi gözləyir. Ona görə də son oyuna kimi çempionatdan ayrılmayıb, oyun tempimizi qorumağa çalışacağıq ki, Avrokuboklarda da yaxşı nəticə göstərək".

Digər xəbərlər