BAKI MARAFONUNA START VERİLDİ

BAKI MARAFONUNA START VERİLDİ
Digər
01 May 2016 - 12:09
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”ya mayın 1-də start verilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edir.

Supersport.Az xəbər verir ki, Dövlət Bayrağı Meydanından saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonda atletlər, siyasətçilər, tanınmış şəxslər, ictimaiyyət nümayəndələri və tələbələr yer alıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Tədbirin strateji hədəfi Bakı marafonunu nüfuzlu idman tədbirlərindən birinə çevirmək və əcnəbi atletləri, qonaqları burada iştiraka həvəsləndirməkdir. “Bakı Marafonu 2016”nın missiyası həm də Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır.

Yarışların loqosu özündə Bakı şəhərinin və marafon yarışının xüsusiyyətlərini əks etdirən elementləri birləşdirir.

Yarışın fan zonası da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada müxtəlif əyləncəli oyunlar və lotereya oyunları, konsert və digər şənliklər keçiriləcək.

Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Marafona 16 yaşdan yuxarı şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar.

Yarışın finiş xətti və mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda olacaq.

Marafonda birinci yerin qalibinə 3 min, ikinci yeri tutana 2 min, üçüncü yerə çıxana isə min manat məbləğində mükafat veriləcək.

Qeyd edək ki, bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarı marafonun məsafəsi isə 21 kilometrdir.

İdman tədbiri olmaqla yanaşı, marafon yarışları həm də xeyriyyə məqsədi daşıyır. 1981-ci ildə keçirilən məşhur London marafonu ən böyük xeyriyyə tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Hazırda dünyanın bir çox ölkələrində xeyriyyə məqsədli marafonlar təşkil edilir.

Digər xəbərlər