BAKIDA HƏRBİ-İDMAN OYUNUN QALİBİ MÜƏYYƏNLƏŞDİ

BAKIDA HƏRBİ-İDMAN OYUNUN QALİBİ MÜƏYYƏNLƏŞDİ
Digər
01 May 2016 - 11:15
Aprelin 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən “Şahin” hərbi-idman oyununun Bakı üzrə zona birinciliyinə start verilib.

Oyunların baş komandanı, C.Naxçıvanski adına Hərbi Liseyin rəis müavini, polkovnik-leytenant Fuad Şərifzadə deyib ki, “Şahin” hərbi-idman oyunları gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə almasında, onların ordu həyatına atılmasında mühüm rol oynayır. Artıq bu oyunlar Azərbaycan gəncləri arasında böyük diqqətə və marağa səbəb olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda istedadlı, bacarıqlı, çalışqan, vətənsevər gənclər yetişir. Onların inkişafı üçün bütün imkanlar yaradılır. Gənclərimiz daim dövlətimizin diqqət və qayğısını hiss edirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov bildirib ki, məqsəd gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. O, oyunların iştirakçılarına müraciət edərək deyib: “Sizin hər biriniz artıq qalibsizin. Çünki bu tədbir sizin rayonlarınızda keçirilib. Rayon birinciliyində siz birinci yerə çıxdığınız üçün bu gün Bakı şəhərində mübarizə aparacaqsınız”.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov bu oyunların artıq 20 ildir keçirildiyini bildirib. Vurğulayıb ki, kütləvi xarakter alan bu oyunlarda gənclərin fəal iştirakı çox sevindiricidir və onları gələcək uğurlara ruhlandırır. Aprelin əvvəllərində yaşanan hadisələr bir daha göstərdi ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda böyüyürlər. Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir.

“Siz Azərbaycanın gələcək zabit heyətini formalaşdıracaqsınız. Azərbaycanın gələcəyi sizin əllərinizdə olacaq. Siz nə qədər vətənpərvər, Vətənə bağlı olarsınızsa, bizim dövlətimizin, xalqımızın gələcəyi də o qədər möhkəm əllərdə olacaq”.

Bu fikirləri isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov səsləndirib. O qeyd edib ki, gənclərimiz Vətən uğrunda, ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman döyüşə hazırdırlar.

Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov deyib ki, dövlətimizin gücü və qüdrəti bizim hər birimizin gücümüz və qüdrətimizdən keçir. Gənclərimizin bugünkü tədbirdə fəal iştirakı onların nə qədər vətənpərvər olduğunu göstərir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, dövlətimiz ordu quruculuğu, hərbi vətənpərvərlik, təhsillə bağlı tədbirlərə böyük önəm verir. Bugünkü tədbir sizin həm komanda düşüncənizin inkişafına, silahla davranma, sıra addımlama, əleyhqazdan istifadə etmə və hər hansı ekstremal vəziyyətdə nəyi necə etmə məsələlərinə kömək olacaq. Fiziki, əqli cəhətdən güclü hazırlıqlı hər bir gəncimiz sabah orduda, həqiqi hərbi xidmətində bilik və bacarığını ortaya qoyacaq.

Sonra “Şahin” hərbi-idman oyunlarının Bakı üzrə zona birinciliyinə start verilib. Yarışda paytaxtın 11 rayonu ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayon komandaları da iştirak ediblər. amal Nəticələrə görə Xətai rayon komandaı I yerə, Yasamal rayon komandası II yerə, Nəsimi rayon komandası III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda respublika üzrə keçirilən “Şahin” hərbi-idman oyununa vəsiqə qazanıb.

Digər xəbərlər