NİGAR ARPADARAİ: "AZƏRBAYCANI 500 MİLYON TAMAŞAÇI İZLƏYƏCƏK" - VİDEO

NİGAR ARPADARAİ: "AZƏRBAYCANI 500 MİLYON TAMAŞAÇI İZLƏYƏCƏK" - VİDEO
Eksklüziv, Formula-1, Video
30 Aprel 2016 - 01:15
"AZƏRBAYCANI 500 MİLYON TAMAŞAÇI İZLƏYƏCƏK"

Bakı "Formula-1"in Avropa Qran Prisinə ciddi hazırlaşır.

Bu haqda Supersport.Az-a açıqlamasında yarışın azərbaycanlı təşkilatçısı, "Baku City Circuit" ("Bakı Şəhər Halqası") Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai məlumat verib.


"Yarışın startına iki aydan az müddət qalıb, hazırlıq sürətlə davam edir, heç bir problem yoxdur. Biz işə çox həyəcan və məsuliyyətlə yanaşırıq. Beynəlxalq Avtomobil Federasiyası (FIA) standartlarına uyğun fəaliyyət göstərilir, asfalt çalışmaları tamamlanmaq üzrədir. Mayda baryer və tribuna işləri başlayacaq".

Azərbaycanın 17-19 iyun tarixlərində ilk dəfə ev sahibliyi edəcəyi yarış ərəfəsində Bakı küçələrində yaşıllaşdırma işləri davam etdirilir, asfalt yollar yenilənir.

Paytaxtın məşhur Azadlıq Meydanında isə 300 metrlik "pit stop” binası” inşa edilir.

İçərişəhər və Qız Qalası yaxınlığında təşkil olunacaq yarışda ciddi təhlükəsizlik tədbirləri görüləcək.

Yarışda 5 min könüllü ilə yanaşı, mini azərbaycanlı olmaqla 1300 marşal (pist işçisi) çalışacaq və onların təlimatlandırılması davam etdirilir.

Biletlərin 2015-ci dekabrından satışa çıxarıldığını xatırladan Arpadarai burada bahaçılıq olmadığını, Azərbaycan vətəndaşlarına 20-40 faiz güzəşt edildiyini diqqətə çatdırıb. 30 min oturacaqlı, 10 min ayaqüstü yerlər üçün bilet satılır.

Azərbaycanın 150 media nümayəndəsi qeydiyyatdan keçib.

Üç gün yarış müddətində məşhur müğənnilər konsert verəcək. İspan Enrike İqlesias, amerikalı Farrel Uilyams və Kris Braun Bakıya gələcək.

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin rəsmisinin fikrincə, yarış ölkənin təbliğ olunması üçün mühüm əhəmiyyət kəsb edir:

"Formula-1"in təşkili zamanı Azərbaycan bütün dünyanın diqqət mərkəzində olacaq. Yarış 187 ölkədə canlı yayımlanacaq və ildə 500 milyon tamaşaçı tərəfindən izlənilir. Xarici kanallarda ölkənin təbliği üçün milyonlarla pul xərcləmək lazımdır. İndi isə bir çox ölkələrin televiziya kanallarında Bakını canlı göstərəcəklər. "Formula-1"in böyük azarkeş ordusu var. Yarış həftəsi bütün xidmət sahələrində böyük canlanma və iqtisadiyyatımıza böyük fayda olacaq".

Azərbaycan Qran Prisinin startı, Azadlıq Meydanında veriləcək. Xəzər dənizinin sahilindəki küçələrdən keçəcək avtomobillər, tarixi İçərişəhərin ətrafında dövrə vuracaq və yenə Azadlıq Meydanındakı finiş xəttinə çatacaq.

Təxminən 6 kilometr məsafə qət edəcək F1 avtomobilləri, saatda ortalama 208 kilometr sürətlə hərəkət edəcək. Maksimum sürət 340 kilometrə çatacaq. Pilotlar, 20 çətin döngə olmaqla 51 dövrə vuracaqlar.

Avustraliya, Bəhreyn və Çində keçirilən mövsümün ilk üç yarışının qalibi olan "Mercedes"in alman pilotu Niko Rosberq, ikiqat dünya çempionlarından Luis Hamilton və ispan Fernando Alonso, avstraliyalı Daniel Rikkardo və başqa tanınmış pilotlar Azərbaycan Qran Prisində mübarizə aparacaq.

“Formula-1” yarışının keçirilməsi ilə əlaqədar 10 illik müqaviləyə sahib olan Azərbaycan, F1 Dünya çempionatının ilk 5 ilində mütləq olaraq iştirak etməlidir.

Digər xəbərlər