AZƏRBAYCAN TƏMSİLÇİSİ DÜNYA TURU KOMANDALARINDAN ÖNDƏ

AZƏRBAYCAN TƏMSİLÇİSİ DÜNYA TURU KOMANDALARINDAN ÖNDƏ
Digər
21 Aprel 2016 - 22:49
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Xorvatiyada təşkil edilən “Tour of Croatia” veloyürüşündə mübarizə aparır.

Supersport.Az-ın məlumatına görə, 2.1 kateqoriyalı 6 günlük yarışında Qazaxıstanın “Astana”, Cənubi Afrika Respublikasının “Dimension Data”, İsveçrənin “İAM Cycling”, Rusiyanın “Tinkoff” və ABŞ-ın “Trek Sagefredo” kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edir.

İştirakçılar arasında “Dimension Data” klubunun şərəfini qoruyan dünyanın ən sürətli velosipedçilərindən biri, 2011-ci ilin dünya çempionu və həmin il “Tour de France” yarışının ən yaxşı sprinteri adına layıq görülən britaniyalı Mark Kevendiş də var.

Yarışın 230 km-lik ilk mərhələsindəcə komanda hesabında vaxt göstəricisinə görə planetin ən güclü komandalarını qabaqlamaqla ilk pilləyə yüksələn “Synergy Baku”, 240 km-dən ibarət 2-ci mərhələdə də üstünlüyünü qoruyub. Fərdi göstəricilərə gəlincə, birinci gün 9-cu olan Yannis Tamuridis, növbəti gün də komandamızın heyətində ən yaxşı nəticə göstərib – 11-ci yer. Ümumi təsnifatda velosipedçimiz hazırda lider köynəyinin sahibi Mark Kevendişə 16 saniyə uduzmaqla 8-cidir.

Ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma komandamızın üzvü Maksim Averin 19-cu mövqedə qərarlaşır. Yarışın yaşı 23-dək olan velosipedçilərinin mübarizəsində Samir Cəbrayılov 5-ci yerdədir. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar 191 km məsafə qət edəcəklər.

Digər xəbərlər