TAHİR GÖZƏL: "BİZ ÖZ TORPAQLARIMIZDA FUTBOL OYNAMAQ İSTƏYİRİK"

TAHİR GÖZƏL: "BİZ ÖZ TORPAQLARIMIZDA FUTBOL OYNAMAQ İSTƏYİRİK"
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
14 Aprel 2016 - 19:37
"ÇEMPİONLAR LİQASININ QRUPUNA DÜŞMƏLİYİK"

"AZƏRBAYCAN BÖYÜK BİR ÇƏTİNLİKLƏ ÜZLƏŞİB, CAMAAT QAN AĞLAYIR"

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klub üzvləriylə görüşüb. Bundan sonra qurum rəsmisi jurnalistlərə müsahibə verib.

"31 cavanımızı şəhid verdik, yaralılarımız var.Klubu ziyarət etdim ki, əsgərlərin bu cəsurluğu bizə əlavə məsuliyyət verdi" deyən "Qarabağ"ın rəhbəri, Azərbaycan və Ermənistan arasındakı son gərginliyə toxunub.

O bildirib ki, artıq "Qarabağ" komandasının üzərinə daha böyük məsuliyyət düşür: "Allaha şükür, "Qarabağ" uğurlarını davam etdirir. Amma dedim ki, arxayınlaşmayaq. Avropada olmalıyıq, dünyaya başa salmalıyıq ki, biz öz torpaqlarımızda futbol oynamaq istəyirik. Komanda üzvləri yaxşı oynayacaqlarına dair söz verdilər. Bu il də qrup mərhələsinə düşəcəyimizə inanıram".

- “Qarabağ” ölkə daxilində uğur qazananda bu komandanın uğuru sayılır. Avropada uğur əldə edəndə isə bu, artıq Azərbaycanın uğuru olur...

- Tamamilə razıyam. Azərbaycanda “Qarabağ”ın rəqibi olmaya bilər. Bir də ki, komanda qələbə qazana-qazana gedir. Bu, bizə çətinlik yarada bilər. Digər klublar bir yana, daha çox “Neftçi”yə üzüldüm. “Qəbələ”, əslində, gözəl oynayır, amma nə isə alınmır. Məşqçiləri də normaldır, futbolçuları da.

Mahir Mədətovu çox tərifləməyin. 19 yaşında çox gözəl oynayır. Baxırsan, futbolçular indi rahatdır. Amma avrokuboklarda belə olmaya bilər.

- Çempionatda rəqabətsizliklə üzləşən “Qarabağ” avrokuboklarda nə edə biləcək?

- UEFA-da bizim komandanın adı çıxıb. Belə bir fikir yaranıb ki, Bakıdan sağ çıxmaq olmur. İnanıram ki, 30 min tərəfdarımız yenə bizi dəstəkləyəcək. Əsas yük Qurban Qurbanovun üzərinə düşür ki, komandanı o səviyyədə saxlasın. İnanıram ki, yenə sürprizə imza ata bilərik.

- “Qarabağ”ın geniş heyəti var. Sanki ikinci heyəti çıxıb çempionatda gümüş medal uğrunda oynaya bilər...

- Bu gün bütün dünya iqtisadi böhrandadır. Azərbaycan böyük bir çətinliklə üzləşib, camaat qan ağlayır. Bunun cavabı Avropada olmalıdır. Futbolçulara deyirəm ki, sizin hər cür şəraitiniz var, yeyirsiz-içirsiz, bunun haqqını Avropada da verməlisiniz. “Qarabağ”, bəlkə də, dünyada yeganə klubdur ki, bayrağı var, torpağı yoxdur.

- Avropada sizin üçün ən böyük uğur nə sayıla bilər?

- Artıq Çempionlar Liqasının qrupuna düşməliyik. Hədəfimiz budur. Mən nə vaxt böyük danışmışamsa, sabahı sillə yemişəm (gülür). Demişəm ki, Allah, məni bağışla, ağzımdan çıxdı. Bu il bizim üçün çox önəmlidir. Bunu özümə də, Qurban Qurbanova da, futbolçulara da tapşırmışam. Əlimizdən gələni edəcəyik.

- “Qarabağ” Reynaldo və Almeydadan sonra onlar səviyyəsində futbolçu gətirə bilmir...

- Mən Qurban müəllimə deyirəm futbolçu gətirək. Amma o deyir ki, Tahir bəy, çətindir. Özü seçir, özü bəyənir. Mənim birinci arzum odur ki, Reynaldonu qaytaraq. Hələ o səviyyədə oynamır, tam qayıtmayıb. Əvvəl onu qazanmaq lazımdır, sonra ikinci Reynaldonu. Bu məsələ ilə bağlı Qurban Qurbanovla heç vaxt anlaşılmazlığımız olmayıb. O da insaflı adamdır. Mənə üzümüzü ağ edən Reynaldo lazımdır.

- Stadionlarımız gündən-günə çoxalır. Aralarında Olimpiya stadionu öz əzəməti ilə seçilir. Biz istərdik ki, böyük azarkeş ordusu olan “Qarabağ”ı orda görək. Belə bir planınız varmı?

- Tofiq Bəhramov adına Respublika stadionuna böyük xərc qoyduq. Öz-özümə sual verirəm ki, 30 minlik stadionu tamamilə doldurmaqmı gözəldir, yoxsa 70 minlik stadionun yarısınımı? Sizcə,o qədər yeri doldura bilərikmi? Düşünmək olar. Marketinqçilər deyirlər ki, siz biletlərin qiymətini aşağı qoymaqla klubun önünü kəsirsiz. Deyirik ki, olmaz, yazıq camaatın imkanı yoxdur. Mən həmişə səmimi danışıram. Yoxladıq, dedim ki, gördünüz, indi imkan verin, öz işimizi görək. Çünki alınmadı. Bəlkə də, turnirin gedişində qiymətləri qaldırmağımız düz addım olmadı. Mənim azarkeşim qaçqındır, kasıbdır, onun imkanı yoxdur. Amma bunu anlamayan, peşəkar qruplar da var. Mən istəyirəm ki, qiyməti aşağı edək, 50 min adam gəlsin. Oyunlarda aldığımız qışqırıq, həyəcan, ləzzət nəyə desəniz dəyər.

- Cəbhədəki hadisələrlə əlaqədar bu il “Qarabağ”ın Avrokubok oyunlarında daha böyük izdiham olacaq...

- Mən də belə düşünürəm. Dəhşət bir şey olacaq. Olimpiya stadionuna icazə istəyə bilərik. AFFA ilə danışacağıq, görək, onların yanaşması necədir? Allah heç kimə savaş, müharibə göstərməsin. Biz 1992-ci ildən səbr edən millətik. Allah Azərbaycanı savaşdan qorusun. Allaha şükür, ordusu da güclüdür, bura çiçəklənməli, Suriya olmamalıdır. Amma savaşda bir şey ortaya çıxdı. Ab-hava dəyişdi, özümüzə gəldik, birləşdik. Birləşmə hissiyatı aramızda çox güclüdür, məncə, biz bunu stadionda da görəcəyik.

Digər xəbərlər