"AZƏRBAYCAN YIĞMASIYLA FƏXR EDƏ BİLƏRSİNİZ"

"AZƏRBAYCAN YIĞMASIYLA FƏXR EDƏ BİLƏRSİNİZ"
Futbol
13 Aprel 2016 - 10:41
"QRUPDAN ÇIXA BİLSƏK, BU UĞUR OLACAQ"

Futzal üzrə dünya çempionatının play-off mərhələsində keçirilən Azərbaycan - Niderland oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib.

Niderland millisinin baş məşqçisi Marcel Loosveld deyib:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. Komandam istəkli idi və əlindən gələn etdi. Oyunda qol vurmaqla yanaşı, müdafiə olunmağı da bacarmaq lazımdır. Hücum xəttindən razı qaldım. Gənc komanda ilə beynəlxalq səviyyədə uğur qazanmaq çətindir. Niderlandda futzal üzrə peşəkar səviyyədə ölkə çempionatı keçirilmir. Bu gün millinin formasını geyinənlər, demək olar, həvəskar oyunçulardır. Onlar həftədə 1-2 dəfə məşq edirlər. Amma sizin komandanın üzvləri hər gün hazırlıq keçirlər. Dünya çempionatına gəldikdə, orada qitələrin ən güclü yığmaları çıxış edəcək. Amma Azərbaycan millisinin qrupdan çıxmaq şansının olduğunu vurğulamaq istərdim. Yığmanızla fəxr edə bilərsiniz”.

Azərbaycan millisinin baş məşqçisi Tino Perez belə danışıb:

“Dünya çempionatına vəsiqə qazanmağımız münasibətilə hər kəsi təbrik edirəm. Bu gün yaxşı oynamadıq. Nəticənin bu cür alınmasında Niderlandda qazandığımız qələbənin də təsiri oldu. Həmin hesab uşaqlarda istər-istəməz arxayınlıq yaratmışdı. Buna baxmayaraq, qarşıya qoyulan məqsədə nail olduq. Dünya çempionatındakı şanslarımız haqda danışmaq tezdir. Bu, püşkdən də asılıdır. Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq”.

Digər xəbərlər