KASİLYASIN QƏNİMİ SUPERSPORT.AZ-a DANIŞDI

KASİLYASIN QƏNİMİ SUPERSPORT.AZ-a DANIŞDI
Eksklüziv
28 Mart 2016 - 01:00
"QARABAĞ" PORTUQALİYADA YÜKSƏK YERLƏR UĞRUNDA  OYNAYA BİLƏR"

Dias1

Dias2

Portuqaliya futbolunun dünyada öz çəkisi var. Bu ölkə Eysebio, Luiş Fiqu, Rui Koşta, Kriştiano Ronaldo kimi ulduz futbolçular, Joze Mourinyo, Andre Villaş-Boaş və s. kimi tanınmış mütəxəssislər bəxş edib. Portuqaliya istər milli komanda, istərsə də klub səviyyəsində öz sözünü deyə bilib.

Supersport.Az Portuqaliyada karyerasını davam etdirən "Qarabağ"ın keçmiş futbolçusu Danilo Diasdan müsahibə alıb. 30 yaşlı braziliyalı yarımmüdafiəçi hazırda "Uniao da Madeyra" klubunun formasını geyinir və 22 oyunda 7 qol vurub.

"Qarabağ"ın keçmiş üzvü dünyaca məşhur qolkiper İker Kasilyasın qapısına yol tapmaqla diqqət mərkəzinə düşüb. Dias bir yox, iki dəfə Kasilyası məyus edə bilib.

UEFA reytinqində 15-ci pillədə olan "Portu" ilə qarşılaşmada "Uniao da Madeyra" hesabda 2:0 geridə olduğu halda Danilo, Kasilyasın qoruduğu qapıya möhtəşəm zərbələrlə bərabərliyi gətirmişdi. Lakin son dəqiqələrdə buraxılan qol komandasının məğlubiyyətinə səbəb olmuşdu.

Dias Kasilyasa vurduğu iki qolu belə xatırlayır:

"Allahın köməyi sayəsində möhtəşəm iki qol vurdum. Buna görə özümü xoşbəxt sayıram".

"Portuqaliyada özümü rahat hiss edirəm. Klubda işlər yaxşı gedir, həyatımdan məmunam. Portuqaliya və Braziliya mentaliteti çox yaxındır, insanlar portuqalca danışırlar" - deyə, braziliyalı futbolçu bildirib.

diass


Dias hesab edir ki, "Qarabağ" Portuqaliyada yüksək yerlər uğrunda oynaya bilər:

"Qarabağ" ardıcıl iki mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edib, təcrübəli komandadır. Fikrimcə, keçmiş klubum Portuqaliya çempionatında yüksək yerlər uğrunda mübarizə aparmaq gücündədir".

"Qarabag" üçün darıxdığını deyən braziliyalı futbolçu, Bakıya gəlmək istədiyini söyləyib:

"Azərbaycanda dostlarım var, darıxırıq. Bir gün ailəmlə Bakıya gəlmək fikrindəyəm. "Qarabağ"ın qolkiperi İbrahim Şehiç, tərcüməçisi Əfqan, keçmiş futbolçusu Çumbinyo dostumdur və onlarla əlaqə saxlayıram".

Portuqaliya klubu ilə müqaviləsi mayda başa çatacaq Diasın arzusu karyerasını Azərbaycanda davam etdirməkdir:

"Azərbaycanda yenidən oynamaq istərdim. "Qarabağ"da oynayıb-oynamayacağımı deyə bilmərəm. Allah bilir, necə olacaq".

Süleyman

Digər xəbərlər