MÖVSÜMÜN YENİ REKORDU

Futbol
22 Mart 2016 - 14:37
Premyer Liqada mövsümün yeni rekordu qeydə alınıb. Belə ki, XXVI turun 5 qarşılaşmasında 18 qol vurulub. Bu da mövsümün ən yüksək məhsuldarlığıdır. Qollardan 6-sı “Zirə” – AZAL (4:2), 5-i “Neftçi” – “Kəpəz” (2:3) oyununa təsadüf edibsə, “Qəbələ” – “Qarabağ” (1:2) və “Rəvan” – “Sumqayıt” (1:2) qarşılaşmalarının hərəsində 3 top vurulub. “Xəzər Lənkəran” – “İnter” görüşü turun ən az qol vurulan matçı olub. Qonaqların 10, meydan sahiblərinin 8 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,6-ya bərabər olub.

Bu turadək mövsümün rekordu 3-ə bərabər idi. Belə ki, VII və XII turların hərəsində 15 qol vurulmuşdu. Bu dəfə 3 top artıq qeydə alınıb. XXVI turun məhsuldarlığı həm də son 16 ayda ən yüksək nəticədir. Sonuncu dəfə belə və ya daha yüksək məhsuldarlıq 2014-cü il noyabrın 20-də baş tutan 2014/15 mövsümünün XII turuna təsadüf etmişdi. Həmin vaxt 4 matçda 17 qol vurulmuşdu – 4,25.

Qeyd edək ki, cari mövsümün 250-ci qolu da arxada qalan tura təsadüf edib. “Qəbələ” – “Qarabağ” matçında qonaqların qələbə qoluna imza atan Mahir Mədətov yubiley topuna imza atıb.

 

Digər xəbərlər