Bakıda atıcılıq üzrə "Dünya Kuboku 2023"ün açılış mərasimi oldu - Video

Bakıda atıcılıq üzrə "Dünya Kuboku 2023"ün açılış mərasimi oldu - Video
Digər, Video, Atıcılıq
09 May 2023 - 14:00
Bakı Atıcılıq Mərkəzində "Dünya Kuboku 2023" yarışlarının açılışı keçirilib.

Supersport.Az-ın məlumatına görə, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Açılış nitqini söyləyən nazir yarışın Azǝrbaycan xalqının ümummilli lideri Heydǝr Əliyevin 100 illiyində olduğunu vurğulayıb. Fərid Qayıbov bildirib ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub. Nazir həmçinin qeyd edib ki, müstəqil Azərbaycanın bu növdə ilk və ən önəmli nailiyyəti, Olimpiya qızıl medalı məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə olub.


Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova çıxış edərək bildirib ki, ölkəmizdə üçüncü dəfə keçirilən dünya kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu var. Federasiya rəsmisi həmçinin deyib ki, "Paris 2024" Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların bu gündən etibarən qüvvəyə mindiyi elan edilib.

O, Beynəlxalq Atıcılıq İdman Federasiyasına (ISSF) təşkilati işlərdə dəstəyinə görə təşəkkür edib.


Ardınca səhnəyə dəvət alan Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının rəsmi nümayəndəsi Hazim Hosni Azərbaycana təşəkkür edərək ISSF prezidenti Lusiano Rossinin adından yarışı açıq elan edib.


Qeyd edək ki, mötəbər turnirə dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Yarışın ilk final mərhələsi mayın 10-dan başlayacaq.

Digər xəbərlər