Azərbaycanda sərrast güllə atanlar məlum oldu - Foto

Azərbaycanda sərrast güllə atanlar məlum oldu - Foto
Digər, Foto, Atıcılıq
01 Aprel 2023 - 15:21






Supersport.Az-ın məlumatına görə, 1 aprel 2023-cü il tarixində Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda 6 kişi və 3 qadın olmaqla ümumilikdə 9 idmançı iştirak edib.

Çempionatın açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, yarışın keçirilməsində məqsəd milli komandanı formalaşdırmaq və qarşıdan gələn yarışlara hazırlıqdır. İ.Rəhimov qeyd edib ki, Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında güllə atıcılarımız ölkəmizi layigincə təmsil etməyə iddialıdırlar.

Daha sonra Komitə rəhbəri Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, idmançılara yarışda və qarşıdan gələn Avropa və dünya çempionatlarında uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva öz növbəsində güllə atıcılarını mövsümün ilk yarışı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Hər idmançı 75 dəqiqə davam edən yarışda pnevmatik tapancalardan 10 metr məsafəyə 60 atış edib.



Çempionatın qızıl medalını 563 xal ilə Kamran Zeynalov qazanıb. Aybəniz Babayeva 546 xal ilə gümüş, Yelena Taranova 542 xal isə bürünc mükafata sahib çıxıb.

Digər xəbərlər