Dağda yarışın qalibləri müəyyənləşdi

Dağda yarışın qalibləri müəyyənləşdi
Digər, Velosiped
18 Mart 2023 - 19:01
Martın 18-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Federasiya Kuboku keçirilib. Xocahəsəndə yerləşən Dağ Velosipedi Parkında baş tutan yarışda ümumilikdə 30 velosipedçi qrup ötüşməsində mübarizə aparıb.

Supersport.Az-a federasiyadan verilən məlumata görə, 15 və 17 yaşadək oğlanlar təyin olunmuş marşrut üzrə 7 kilometr (hər dairə 3,5 kilometr olmaqla 2 dairə), Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar isə 9 kilometr (hər dairə 4.5 kilometr olmaqla 2 dairə) məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Aqşin Bağırlı (MTB-AVF, 19:26) bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Emin Süleymanov (MTB-AVF, 21:33) ikinci, Mübariz Süleymanov isə (MTB-AVF, 21:39) üçüncü yerdə qərarlaşıblar.

15 və 17 yaşadək oğlanların mübarizəsində isə Qəhrəman Hacızadə (MTB-AVF, 09:37) hamıdan yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tahir Quluzadə (ROEQİUGVM, 10:07) ikinci, Toğrul Məmmədli (MTB-AVF, 10:44) isə üçüncü yerlə kifayətləniblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Digər xəbərlər