Samir Abbasov: "Sumqayıt" "Qarabağ"dan xal qoparmaq gücündə deyil" - Video

Samir Abbasov: "Sumqayıt" "Qarabağ"dan xal qoparmaq gücündə deyil" - Video
Futbol, Video
16 Mart 2023 - 09:07
Supersport.Az Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma meydanda "Qarabağ"a 0:6 hesabı ilə məğlub olan "Sumqayıt"ın baş məşqçisi Samir Abasovun mətbuat konfransında fikirlərini videogörüntüyə alıb.

Mütəxəssis komandasının rəqibdən xal qoparmaq gücündə olmadığını etiraf edib.


- Sumqayıtımızın fəxri, bizim dostumuz İlham Zəkiyev Qran Pridə qızıl medal qazanıb. Onu təbrik edirəm. Oyuna gəldikdə isə, nə deyim vallah?! Bu "Sumqayıt" "Qarabağ"ı məğlub edə, xal qopara bilməz. Reallığı götürsək, bu, bizim gücümüzdə deyil. Bir baş məşqçi olaraq bunu anlayıram. Rəqibi təbrik edirəm. Çempionatın son mərhələsinə giririk. Qarşıda bizi çox vacib matçlar gözləyir. Son iki ağır məğlubiyyətdən sonra hazırlaşmaq üçün vaxtımız var. Kimlərin harada olduğunu çempionatın sonunda görəcəyik.

- Mətbuat konfransınlarının birində demişdiniz ki, komandada ruh yoxdur. Bunun səbəbi nədir? "Qarabağ"a niyə bu qədər tez təslim oldunuz?

- Futbolçular meydana ümidlə çıxırlar. Qapıda qol gördükcə özünə, komanda yoldaşına inam itir. Belə məğlubiyyətlərdən sonra təhlilin üzərində dayanmıram. Buraxdığımız qollar bizim gücümüzü göstərir. Söhbət ruhdan, ürəkdən getmir. İki ötürmədən sonra topu itirirsənsə, hansı ürəkdən danışa bilərik? "Sabah" və "Qarabağ"la oynamaq bizim üçün çox çətindir. Meydanda nələrsə etməyə çalışırıq. Diqqətlə baxanda görünür ki, futbolçulara nələri etmək tapşırılıb. Bəlkə də səhv bizdədir ki, bunları etdirməyə, futbol oynatmağa çalışırıq. Bu gün keyfiyyət bəllidir. Bütün komandalarla oynamaq olar. Amma bugünkü "Sumqayıt" üçün bu, çox çətindir.

- Fasilədə və matçdan sonra futbolçulara nə dediniz?

- Hec nə. Dedim ki, bu, futboldur, olur belə şeylər. Dünən Çempionlar Liqasında "Leyptsiq" 0:7 hesabı ilə uduzdu. Dedim ki, heç kim heç kimin üstünə düşməsin, bir azarkeş kimi ikinci hissədə meydanda futbol görmək istəyirəm. Bu gün 0:4, 0:6 hesabı ilə məğlub ola bilərik. Amma elə şeylər göstərməliyik ki, digər matçlar üçün stimul versin.

Digər xəbərlər