AFFA-da yalanlar tüğyan edir indi, Barış da "Şimşək" çaxır indi

AFFA-da yalanlar tüğyan edir indi, Barış da "Şimşək" çaxır indi
Futbol, Eksklüziv, Tribuna
10 Noyabr 2022 - 01:00
Bir müddət öncə AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəkə saytımız vasitəsilə keçmiş referi Nahid Əliyevə qarşı edilən ədalətsizliyə görə sual ünvanlayacağımızı diqqətinə çatdırmışdıq. Bu linkə baxın (http://supersport.az/?p=134921)

Barış Şimşək keçmiş həmkarı Fritz Ştuxlikin təsdiqlədiyi siyahıya əlavələr edə bilməyəcəyini "Bizim futbol" verilişində televiziya vasitəsilə söyləmişdi. Bununla da Nahid Əliyevi, televiziya verilişində iştirak edən aparıcını, təcrübəli jurnalisti, futbol veteranını və tamaşaçıları aldatmağa çalışmışdı. Bunun yalan olduğu barədə biz məlumat vermişdik və ona vaxtı gəldiyində sual edəcəyimizi vurğulamışdıq. Barışın məqsədi N.Əliyevi yalan söyləməkdə günahlandırmaq deyil, AFFA rəhbərliyinin əmrlərini yerinə yetirməkdir. Hakimlər Komitəsini bu hala salanların başında Parisdə olan Elxan Məmmədov dayanır. Milli adlandırılan yığmaların, komandalarımızın başına gətirilən əcnəbilərdən doymamış kimi, ənənəsi, peşəkarlığı ilə söz söyləmiş hakimlik məktəbinin başına əcnəbi sədrin gəlişi məhz onun göstərişi ilə həyata keçirilmişdi. Bu "oyun" davam etməkdədir. Fritz Ştuxlikin gəlişindən sonra hakimlik məktəbimizə demək olar ki, "balta çalındı". Komitə üzvləri, adları mənfi olaylarda hallanan insanlarla formalaşdı və onların qərarları ilə bir çox təcrübəli hakimlər, inspektorlar heç bir səbəb olmadan işlərindən kənarlaşdırıldılar. Layiq olmayanlar addım-addım irəlilədi və hər turda öz zəif idarəçilikləri ilə komandaların haqlarını yedilər. N.Əliyevin və digər təcrübəli hakimlərin karyerasını məhv etdilər. Komitəyə təyin olunan türkiyəli yeni sədr, sabiq həmkarının fəaliyyətini davam etdirir. AFFA rəhbərliyinin göstərişlərini yerinə yetirən Barış Şimşək, çıxılmaz vəziyyətdə qalaraq onların dediklərini həyata keçirməyə, haqqı tapdalamağa, ədalətdən vaz keçməyə məhkum olunub. Hətta o, beynəlxalq qanunları heçə sayaraq federasiyanın məsul şəxsini (Hakimlər Komitəsinin departament rəisi Cavid Cəlilov-red.) VAR hakimi təyin etməkdən də vaz keçə bilməyib. Təzyiqlərdən qaça bilməyən Barış Şimşək Elxan Məmmədovun adamı olan Cavid Cəlilova premyer-liqa oyunlarına təsdiqlənməməsinə baxmayaraq "Sumqayıt" – "Neftçi" matçına baş hakim kimi təyinat verib. Nə oldu Barış? Bəs, siyahılara müdaxilə etmək olmazdı. Nahid Əliyev üçün bunlar olmadı, amma Elxanın adamı üçün oldu? Məqsəd Cavidi FİFA referisi etməkdir ki, Barış bunu etməkdən boyun qaçıra bilməz. Bizim hakimlərimizi haqsızlığa, ədalətsizliyə sürükləyənlər bunun cavabını verəcəklər.

Daha bir sual Barış Şimşəkə: Adı futzal hakim-inspektorlarının siyahısında olmayan Əfqan Həmzəyev niyə oyunlara inspektor kimi təyinat alır?

Ştuxlikin təsdiqləmiş siyahısını əlavə edirik.

Bəs, siyahılara əlavə ad daxil etmək olmazdı. Baxın, özünüz nəticə çıxarın. Budu sənin ədalətin? Nahidin haqqını niyə qoruya bilmədin? Barışın yalanları göz qabağındadır. Bu halların baş verməsində hakimlər komitəsinin üzvlərinin də günahı böyükdür. Susqunluq yalnız öz maraqlarına xidmət edir və şəxsi mənafelərini güdürlər.

Daha bir məqamı diqqətinizə çatdırmaq istərdik. Siyahıda adı göstərilən Elçin Lətif oğlu Məmmədov maliyyə fırıldağına görə komitə üzvlüyündən uzaqlaşdırılıb. Lakin komitə üzvləri onun adını inspektorlar siyahısında saxlamaq üçün dəridən-qabıqdan çıxıblar və rəhbərliyin razılığını ala biliblər. Görünən odur ki, maliyyə fırıldağının peşəkarları rəhbərliyin sadiqləridirlər. Görəsən, maraq və səbəb nədir? Sualımıza cavab verə bilərsinizmi? Gələcəkdə nələrin baş verəcəyi indidən məlumdur.

Sonda Barış Şimşəkə şəxsi sualımı vermək istərdim: Siz futbol ictimaiyyətinə niyə yalanlar söyləyirsiniz?

Mübariz

Digər xəbərlər