Məşhur kardioloq da Azərbaycan futbolunu sağaltmağın yolunu göstərdi

Məşhur kardioloq da Azərbaycan futbolunu sağaltmağın yolunu göstərdi
Futbol, Tribuna
13 Avqust 2022 - 17:47
Üzeyir Rəhimov

Mətbuatda, sosial şəbəkədə hamı "Neftçi"nin oyunundan şikayət edir, "Qarabağ"la müqayisə edir. Amma məncə, "Neftçi" ölkəmizin reallığını əks etdirir. Yəni səhiyyəmiz, təhsilimiz, ədəbiyyatımız indiki dövrdə nə vəziyyətdədirsə, "Neftçi" də o vəziyyətdədir. Burda anormallıq "Qarabağ" klubudur.

Ölkədə 10 komandadan ibarət Premyer Liqa, bir də, komandası olmadığı üçün əvəzedicilərin oynadığı birinci divizion var. Uşaq futbol məktəbləri, akademiyalar bərbad şəraitdə. Bizdə bu iş bir neçə fədakarın şəxsi çabalarıyla yürüyür. Düşünün ki, 24 yaşlı Mahir Emreli Polşada oynadığı vaxt "uşaqkən öyrənməli olduqlarımı burada öyrənirəm" deyirdi.

Karaqandadan uşaq komandası Bakıya gəldiyində, "Neftçi"nin uşaq komandası ilə oyun öncəsi məşq üçün onlara "Səfa"nın ("ASK Arena") ikinci meydançasını ayırdıqlarında, məşqçiləri "Mən cinayətkar deyiləm, belə örtüyə uşaq çixarda bilmərəm" dediyi üçün məcburiyyətdən əsas stadionu veriblər onlara. Bizim uşaqların harada məşq etdiyi isə yəqin sizi təəccübləndirməz. İzləyənlərin belə, rezin qoxusundan dayana bilmədiyi "Şəfa"nın dördüncü meydançasında…

Dəfələrlə yazmışam, dünyanın hər yerində zəka, yetənək insanlar arasında bərabər paylanır. Heç bir cəmiyyət digərindən hansısa bir sahədə üstün deyil. "Bizdən futbolçu, ixtiraçı və sair çıxmaz" yanlış fikirdir, sadəcə biz yetişdirmirik, onların yetişməsi üçün heç nə etmirik, hətta mane oluruq. Demək istədiyim, "Qarabağ"ın müvəffəqiyyəti bizim idman ənənəmiz, alt yapımız, idmana və idmançıya verdiyimiz dəyərlə əlaqədar deyil. Konkret olaraq bir şəxsin müvəffəqiyyətinə indekslənib. Sistematik olmayan bir şey isə mütləq bir gün bitəcək, çökəcək. Hətta qorxum, ard-arda bir neçə uğursuzluq olarsa, Qurban Qurbanovun aforoz edilməsidir. Fərdlərin uğuru bir yerdə çox qabarırsa, orda sistem uğursuzluğu var deməkdir…

"Neftçi" "Rapid"lə Vyanadakı oyunda bizə bizim reallığımızı göstərdi. Buna görə onlara hirslənmək doğru deyil. Bunun üçün seçilən və azarkeşlərinə hesab verən bir sistem qurulmalıdır. Hər sahədə.

Digər xəbərlər