Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 16-cı turunun təxirə salınmış oyununda doğma meydanda “Sumqayıt”ı 5:0 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularımı təbrik edirəm. Oyunçuları tam motivasiya etmək asan deyil. Bol qollu oyun oldu. Matçın sonlarına yaxın bəzi dəyişikliklər etdik. “Sumqayıt” oyuna pis başlamamışdı. Oyunu müdafiədən qurmaq istəyirdilər. Erkən vurduğumuz qol rəqibin planlarını dəyişdi və boşluqlar daha çox oldu. Futbolçuların performansını quruyub saxlamaq vacibdir.
– “Qarabağ”la 3 illik yeni müqavilə imzaladınız. Keçmişdə başqa klublardan təklif almısınız və ya gələcəkdə xarici klublarda işləmək istəyərsiniz?
– Təklif yox, maraqlanmamışam da. Mənim üçün vacib olan “Qarabağ”dır. “Qarabağ”ın dəyəri daha böyükdür, nəinki hansısa istənilən klubun. Burada ola-ola, buradakı məsuliyyəti hiss edə-edə başqa klubu çalışdırmaq haqda düşünmürəm. Yaxın gələcəyi “Qarabağ”la düşünürəm, başqa düşüncəm yoxdur.
– Patrik Andrade ilə Luka Quqeşaşvili ilə danışıqlar nə yerdədir?
– Danışıqlar hələ davam edir. Dəqiq bir fikir bildirə bilməyəcəyəm.