Azərbaycanda bəzi federasiyalar ləğv olundu

Azərbaycanda bəzi federasiyalar ləğv olundu
Digər
28 Aprel 2022 - 19:24
Aprelin 28-də gənclər və idman nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Supersport.az saytı xəbər verir ki, gündəliyinə əsasən, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının icrası haqqında hesabat, 2022-ci ilin may ayı üçün perspektiv iş planı və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Qərarına əsasən, göstərdikləri yüksək nəticələrə görə Əliyev Rəşad Rauf oğlu və Hüseynov Şahin Rüstəm oğlu “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, İsrafilov Vəli Rəşadət oğlu “Azərbaycan Respublikasının Əməkdar idman ustası”, həmçinin Cəfərov İslam Əli oğlu, Əliyev Rayət Səhlədar oğlu, İsayev Nizami Çərkəz oğlu “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına layiq görülüblər.

İclasda ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi barədə xüsusi komissiyanın arayışı da müzakirə edilib. Kollegiyanın qərarına əsasən, “Azərbaycan atletika federasiyası” İB, “Azərbaycan ağır atletika federasiyası” İB, “Azərbaycan basketbol federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, “Azərbaycan sindo-ryu və pençak silat federasiyası“, “Azərbaycan məktəb idmanları federasiyası” İB və “Azərbaycan karlar idmanı federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 20-yə çatıb. Ümumilikdə, 22 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

Digər xəbərlər