Türkiyə yığması pley-offda

Türkiyə yığması pley-offda
Futbol
17 Noyabr 2021 - 01:42
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi yekunlaşıb.

Supersport.Az xəbər verir ki, 10-cu turun sonuncu oyun günündə D, E və G qrupları üzrə ümumilikdə 7 görüş baş tutub. Bununla da Avropadan DÇ-nin final mərhələsinə və pley-offa vəsiqə qazanan sonuncu komandalar müəyyənləşib.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib. Didye Deşamın çalışdırdığı komanda mundiala vəsiqəni təmin etdiyindən qarşılaşma qonaqlar üçün elə də önəm daşımırdı. Meydan sahibləri isə pley-offa çıxmaq üçün evdə ən azı uduzmamalı idi. Fransa yığması qələbə qazanıb. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv bu matçdan qalib ayrılmaqla pley-offa vəsiqə qazanıb.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. Çexiya yığması evdə Estoniyanı məğlub edib. Bu nəticələrdən sonra Uels yığması qrup ikincisi olub.

Gecənin ən maraqlı oyunları G qrupunda olub. Lider Niderland millisi evdə Norveçi sınağa çəkib və 2 qolla qalib gəlib.

Digər önəmli matçda Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşıb. Vacib oyunlar öncəsi “narıncılar”ın dünya çempionatına birbaşa vəsiqə qazanmaq şansı daha böyük idi. Lui Van Qalın baş məşqçi olduğu komanda heç-heçə sayəsində də bunu bacara bilərdi. 18 xala malik Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları vardı. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməliydi. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaqdı. Amma yekunda Niderland doğma meydandakı qələbə sayəsində qrup lideri olub və mundiala birbaşa vəsiqə qazanıb. Türkiyə yığması isə səfərdə əzmkar qələbə qazanmaqla qrup ikincisi olub və pley-offda oynamaq şansı qazanıb.

Daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanmışdı. İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, Çexiya, Polşa, İsveç, Uels, Avstriya və Şimali Makedoniya yığmaları isə pley-off mərhələsində mübarizə aparacaq.

DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
16 noyabr


D qrupu

Finlandiya – Fransa 0:2
Qol: Benzema, 66. Mbappe, 76.

Bosniya və Herseqovina – Ukrayna 0:2
Qol: Zinçenko, 59. Dovbik, 79.

Xal durumu: Fransa – 18, Ukrayna – 12, Finlandiya – 11, Bosniya və Herseqovina – 7, Qazaxıstan – 3.

E qrupu

Uels – Belçika 1:1
Qol: Mur, 32 – De Bruyne, 12.

Çexiya – Estoniya 2:0
Qol: Brabeç, 59. Şikora, 85.

Xal durumu: Belçika – 20, Uels – 15, Çexiya – 14, Estoniya – 4, Belarus – 3.

G qrupu

Cəbəllütariq – Latviya 1:3
Qol: Uolker, 7 – Qutkovski, 25. Uldrikis, 55. Krollis, 75.

Monteneqro – Türkiyə 1:2
Qol: Beçiray, 4 – K.Aktürkoğlu, 22. O.Kökcü, 60.

Niderland – Norveç 2:0
Qol: Berqveyn, 84. Depay, 90+1.

Xal durumu: Niderland – 23, Türkiyə – 21, Norveç – 18, Monteneqro – 12, Latviya – 9, Cəbəllütariq – 0.

 

 

 

 

 

Digər xəbərlər