Yaşar Bəşirov dünya qurumunun prezidenti seçildi

Yaşar Bəşirov dünya qurumunun prezidenti seçildi
Karate, Digər
06 Noyabr 2021 - 08:05
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib.

Supersport.Az-a milli qurumun mətbuat xidmətindən bildiriblər ki, "WSF"nin vitse-prezidenti və idarə heyətinin üzvü Y.Bəşirov İstanbulda şotokan üzrə 11-ci dünya çempionatından əvvəl təşkilatın yığıncağında yekdil səslə bu məsul vəzifəyə seçilib.

Yaşar Bəşirov Azərbaycan Milli Karate Federasiyasının prezidenti, həmçinin Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvüdür.

Daha bir əlamətdar hadisə "WSF"nin İdarə Heyətinin yeni tərkibində təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin də yer alması olub. Bu böyük etimada əsas səbəb Azərbaycanın idman tədbirləri və təşkilatçılıq işlərində təcrübəsinin dünyada yüksək dəyərləndirilməsidir.

Türkiyə Karate Federasiyasının prezidenti vəzifəsinə namizədlərdən biri olan Ercüment Taşdemir isə "WSF"nin baş katibi seçilib.

Yığıncaqda təşkilatın inkişaf etdirilməsinə dair bir sıra məsələlər müzakirə edilib.

Məlumat üçün bildirək ki, 5 qitədən 75 dövlət "WSF"nin rəsmi üzvüdür. Son illər təşkilatın idarə edilməsində dəyişikliklər qurumun nüfuzunu artırıb. Qarşıdakı illərdə karatenin şotokan növü üzrə genişmiqyaslı işlərin görülməsi və yarışların sayının artırılması nəzərdə tutulub.

 

Digər xəbərlər