Mahir Emreli: "Legiya"nın heyətində Avropada "Qarabağ" kimi böyük klubdan gəldiyimi göstərəcəm" - Video

Mahir Emreli: "Legiya"nın heyətində Avropada "Qarabağ" kimi böyük klubdan gəldiyimi göstərəcəm" - Video
Futbol, Eksklüziv, Video
09 İyun 2021 - 13:55
Supersport.Az "Qarabağ"dan ayrılaraq "Legiya"ya keçən Mahir Emrelidən Polşada eksklüziv müsahibə alıb.


Azərbaycan milli komandasının 23 yaşlı futbolçusu, Varşavadakı müxbirimizə açıqlamasında yeni klubunda özünü xoşbəxt hiss etdiyini bildirib:

"Çox xoşbəxtəm ki, legioner həyatı yaşayacağam. Arzularımından birinə çatdım. İlk dəfə olduğundan seçim etmək çox çətin idi. Avropanın yetərincə adlı-sanlı, köklü, sözünü deyən böyük klubuna gəlmişəm. Yeni gələndə həyəcanlı idim, artıq bu, yoxdur. "Qarabağ"da olduğu kimi "Legiya"da da qələbə, çempionluq mentaliteti var. Burada məni həm həmvətənlərimiz, həm də yeni klubum yüksək səviyyədə qarşıladı. Azərbaycanımızı layiqli təmsil etmək üçün bütün gücümü sərf etməyə, canımı meydanda qoymağa, təcrübəmdən istifadə etməyə çalışacağam. Polşada nə qədər çox özümü göstərsəm, futbolumuza da faydası böyük olacaq. Gənc futbolçularımızın legioner həyatı yaşamaq inamı artacaq".

O, seçim zamanı mütəxəssislərdən Musa Qurbanov, Qurban Qurbanov, Elçin Rəhmanov, Rəşad Sadıqovdan məsləhət aldığını, sonda qərarı özünü verdiyini qeyd edib.

Futbolçu, onunla maraqlanan ölkələrin adlarını çəkib, Türkiyə və Rusiyada oynamağı düşünmədiyini söyləyib.

M.Emreli, Polşada ümidləri doğrultmağa çalışacağını deyib:

"Qarabağ"da 6 il oynamışam, böyük uğurlar qazanmışıq. Doğma komandam üçün indidən darıxıram. Düşünürəm ki, keçmiş klubum bu addımı atmağıma sevinir, məni dəstəkləyir. İnanıram ki, onların ümidlərini boşa çıxarmayacağam. "Legiya"nın heyətində Avropada "Qarabağ" kimi böyük klubdan gəldiyimi göstərməyə çalışacağam".

Hücumçu, "Legiya"da qazanacağı məbləği sirr saxlayıb.

M.Emreli, "Qarabağ"ın "Neftçi"ylə çempionluq oyunu barədə çox danışmaq istəməyib:

"Oyun barəsində danışmağa dəyməz, nəsə demək istəmirəm. Hər şeyi özünüz gördünüz".

Vüsal Şirəliyev, Varşava

Digər xəbərlər