Baş İdarədən şəhid ailəsinə ziyarət

Baş İdarədən şəhid ailəsinə ziyarət
Digər
08 İyun 2021 - 15:05
Supersport.Az-ın məlumatına görə, Şəmkir rayonunun Morul kəndindən olan 44 günlük Vətən Müharibəsi şəhidi Zamanov Mətləb Nizami oğlunun ailəsi və övladları ziyarət olunub.

Ziyarətdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, xalq artisti Nurəddin Mehdixanlı, vətənpərvər mahnıların müəllifi Cəlal Qurbanov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 2000-ci il buraxılışının bir qrup məzunları iştirak ediblər.

          Söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Mətləb Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətləb Zamanov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalıları il ilə təltif edilib.

        Şəhidin ailəsi ilə görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqlarından söz açılmış, şəhidin valideynlərinə igid, vətənpərvər oğul böyütdüklərinə görə təşəkkur edilmiş və şəhidimizin xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.

         Həmçinin qeyd edilib ki, uzun illərdən sonra azadlığına qovuşduğumuz torpaqlarımızın hər bir qarışı üçün şəhidlərimizə borcluyuq və onların övladları hər birimizə əmanətdir. Bu gün ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, övladlarına dövlət tərəfindən daim böyük diqqət və qayğı göstərilir, Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

              Sonda şəhidin övladlarına hədiyyələr təqdim olunub.

Digər xəbərlər