"Belə çıxır ki, day-dayın varsa, oğurluq etsən də AFFA-da işləyə bilərsən"

"Belə çıxır ki, day-dayın varsa, oğurluq etsən də AFFA-da işləyə bilərsən"
Futbol, Eksklüziv
16 Aprel 2021 - 08:45
"ELXAN MƏMMƏDOV FUTBOLUMUZU MARKETLƏR ŞƏBƏKƏSİNƏ ÇEVİRİB"

Supersport.Az futbol sahəsində çalışmış Elmar Qəhrəmanovdan müsahibə alıb.

O, "Tribuna" rubrikamızda AFFA-nın fəaliyyətini, bəzi mütəxəssisləri tənqid edib.



"Bakıda bu qədər komandanın olması kimə lazımdır?"

- Elmar bəy, çempionatın oyunlarını izləyirsinizmi və sizdə hansı təəssürat oyadır?

- Bəli, izləyirəm. Amma əfsuslar olsun ki, çempionatımızın səviyyəsi əvvəlki illərə baxdıqda çox aşağı səviyyədədir. Bunu tək mən yox, bütün futbol ictimaiyyətinin nümayəndələri söyləyir. Bizim yeganə liderimiz "Qarabağ" futbol klubudur və onun qazandığı uğurlar sırf klub işinin bəhrəsidir. Komandanın nailiyyətlərində AFFA-nın heç bir əməyi yoxdur. Çempionatımızın zəif olması "Qarabağ"a da öz təsirini göstərir. Çempionatın səviyyəsi aşağı olduğundan çempionumuz da zəifləyir. Əvvəlki illərdə çempionatımız çox güclüydü və rəqabət vardı. "Xəzər Lənkəran", "Bakı", "MKT-Araz", "Karvan", "Kəpəz", "Turan" kimi komandalar var idi. Bölgələrdə futbol həyatı inkişaf edirdi. Azarkeşlər stadionlara axışırdılar. Lənkəranda futbol azarkeşləri Masallıya, Cəlilabada piyada qayıdırdılar. Mən özüm Şüvəlanı təmsil edən “Olimpik”in mühafizə xidmətinin rəhbəri olmuşam və bu hadisələrin canlı şahidiyəm. Tamaşaçılar oyuna 1-2 saat əvvəlcədən tribunalara axın edirdilər. "Olimpik" klubu Əsgər Abdullayev sayəsində gözəl kollektivə çevrilmişdi. Kapitan Tərlan Əhmədovla birgə mübariz komanda formalaşdırılmışdı. Elvin Əliyev, Aqil Nəbiyev məhz bizim klubda parlamağa başladılar və milliyə dəvət aldılar. Ancaq son illər çox təəssüflər olsun ki, "Neftçi" ilə "Qarabağ"ın oyununu 250-300 nəfər azarkeş izləyir.
Bu da çempionatın səviyyəsinin aşağı olmasından irəli gəlir. Rəqabət olmayan yerdə maraq da olmur.

- Səviyyə niyə düşüb?

- Bizdə keçirilən Azərbaycan çempionatı deyil. Hamı buna paytaxt birinciliyi deyir. Mən buna Almaniyada olduğu kimi şərq divizionu deyərdim. Klubların çoxu AFFA-dan maliyyələşir. Bakıda bu qədər komandanın olması kimə lazımdır? Həmin maliyyəni Yevlax, Gəncə, Mingəçevir, Quba, Qusar, Lənkəran, Masallıya ayırmaq olar. Bizim futbol bölgələrimiz var. Sumqayıt, Gəncə, Tovuz, Lənkəran və digər yerlər. Mən özüm uzun müddət futbolda olmuşam. Uşaqlıqda futbol oynamışam. Sonra hakimlik etmişəm, hakim-inspektor olmuşam. Hamımız bilirik ki, bu düzgün futbol siyasəti deyil. Bunu AFFA-da oturanlar da bilir. Yəqin onlara sərf eləmir. Futbol rayonlara bölünməlidir. Bu halda futbola maraq artacaq və azarkeşlər stadionlara gələcək. Fanatların stadionda olması futbolçuda məsuliyyəti artırır. Yaxşı ki, bizim Qurban müəllim kimi məşqçimiz var. Öz gücünə Azərbaycanı və "Qarabağ"ı uzun illərdir Avropa meydanlarında layiqincə təmsil edir.

"Bütün günah AFFA-dadır"

- Çempionatımızın geriləməsində əsas günah kimdədir?

- Heç kimdən çəkinmədən deyə bilərəm ki, bütün günah AFFA-dadır. Başda Elxan Məmmədov olmaqla. Rövnəq müəllimin bir çox şeylərdən xəbəri yoxdur. Onun başı dövlətin işinə qarışdığından məsuliyyət Elxan Məmmədovdadır. Elxan Məmmədov bizim futbolu marketlər şəbəkəsinə çevirib. Premyer Liqamızda 5-6 klub və I divizion komandalarını AFFA maliyyələşdirir. Bu, E.Məmmədovun ticarətidir, biznesidir, futbol deyil.

Fürsətdən istifadə edib cənab Prezidentimizə müraciət edirəm:

"Sizin rəhbərliyinizdə ordumuz 44 gün ərzində 30 il mənfur düşmənlərimiz tərəfindən zəbt olunmuş ərazilərimizi azad etdi. Biz həmişə sizinlə fəxr etmişik və daim sizi dəstəkləmişik. Sizdən artıq dərəcədə xahiş edirəm ki, futbolumuza da əl gəzdirəsiniz".

Futbolumuz çox pis durumdadır. Yəqin mənim müraciətimə futbol ictimaiyyəti də qoşular. Elxan Məmmədov futbolumuzu ağır duruma salıb. Bir klubun prezidenti qonşusudur, bir stadionun direktoru qohumudur. FİFA və UEFA-dan futbolun inkişafı üçün ayrılan pullar hara gedir? Futbol veteranları və mütəxəssisləri AFFA-dan narazıdır. Bəlkə E.Məmmədov insan kimi yaxşı ola bilər, amma iş qabiliyyəti yoxdur. İngilis dilini bilməklə və yaxud UEFA-da hər hansısa bir komitənin üzvü olmaqla fubolu inkişaf etdirmək olmaz. 2007-ci ildən AFFA-nın baş katibidir və işini bacarmadığını göstərdi. O, öz xahişi ilə qurumdan uzaqlaşmalıdır ki, futbol ictimaiyyəti bir az nəfəs alsın. Qonşusu Kamran Quliyevi əvvəlcə “Sumqayıt” klubuna, sonra da “Neftçi” klubuna prezident təyin edir. Belə iş olar? Heç kim də söz deyə bilmir. Kim danışırsa, onunla düşmən olur və futbolda fəaliyyətini məhdudlaşdırır.

- Yadıma düşür ki, siz tribunadan millinin oyununa baxarkən göz yaşlarınızı saxlaya bilməmişdiniz. Millimiz Serbiya yığmasına 1-6 hesabı ilə uduzarkən. Hazırda italiyalı çalışdırıcı De Byazinin rəhbərlik etdiyi milli komanda necə təsir bağışlayır?

- 1996-cı ildən millimizin bütün oyunlarını stadiondan izləmişəm. Serblərə 1-6 hesabı ilə uduzulan oyundan sonra göz yaşlarımı saxlaya bilmədim, çox təsirlənmişdim. Lakin həmin illərin millisi indikindən güclü idi. Hamısı öz uşaqlarımız idi. İndiki kimi şəraitləri yox idi. İndi isə bizimkilərə şans verilmir. Avropanın 2-ci, 3-cü liqalarından oyunçular dəvət edirlər və küllü miqdarda pul xərcləyirlər. Eddi İsrafilov, Dadaşov qardaşları kimə lazımdır? Azərbaycanda onlar səviyyəsində olan oyunçularımız və məşqçilərimiz var. Lakin bizim mütəxəssislərə vaxt verilməlidir. Onsuz  da uduza-uduza gedirik. Qurban Qurbanova vaxt verilməməsində birbaşa Elxan Məmmədovun rolu var. Yəqin ki, legioner və əcnəbi məşqçi çağırmaqla maddi maraqlarını güdürlər. Ağabala Ramazanov çempionatda gözəl oyun nümayiş etdirsə də, milliyə dəvət olunmur. Qurban müəllimə vaxt verilməli idi ki, komandanı formalaşdırsın. Millətlər Liqasında De Byazidən çox xal toplamışdı. Niyə öz məşqçimizə şans verilmədi?

- AFFA niyə əcnəbi məşqçiyə üstünlük verir?

- AFFA artıq Hakimlər Komitəsinə də əcnəbi gətirib. Mənim fikrimcə, futbol qurumunda rəhbərlikdə olanlar maddi maraqlarını güdürlər. Bizim gözəl mütəxəssislərimiz var. Hansılar ki, milliyə başçılıq edə bilərlər: Qurban Qurbanov, Əsgər Abdullayev, Tərlan Əhmədov, Nazim Süleymanov və başqaları. Qurban bəyə millidə vaxt verilmir, Tərlan Əhmədov klublarda nəticə göstərir, sonradan işdən çıxarılır. Bəlkə Əsgər Abdullayevə şans verəsiniz millidə işləsin. AFFA-da oturanlara bizimkilər sərf etmir.

"Rüşvət almaqda günahlandırılanlar iş başındadır"

- Siz həm də  hakim-inspektor kimi fəaliyyət göstərmisiniz. Fritz Stuxlik Hakimlər Komitəsinə gələndən sonra bəzi hakim-inspektorlar oradan kənarlaşdırıldı. Bu barədə nə deyə bilərsiniz?

- Mən 1995-2002-ci illər aralığında hakimlik etmişəm. Uşaq və həvəskarlar liqasından başlamışam. Lakin 2002-ci ildə AFFA-da ara qarışdı və mən hakimlikdən uzaqlaşdım. O vaxt futbolumuzda ədalət təmsilçisi funksiyasını yerinə yetirmək çox çətin idi. 2007-ci ildən hakim-inspektor kimi fəaliyyətimə başladım. İmtahan verərək Gülağa Cabbarovun rəhbərlik etdiyi hakim-inspektorların siyahısına qatıldım. Gülağa müəllimin rəhbərlik etdiyi komitədə veteran mütəxəssislər çalışırdı. Qürbət Həsənov və veteran futbolçu, hakim olmuş Şahin Cəfərov hər zaman bizə dəstək olurdular və məsləhətlərini verirdilər. 4-5 il əvvəl AFFA uşaq liqalarına təyinat alan inspektorları ləğv elədi. Səbəb də oldu ki, qurumda pul yoxdur. Cəmi 25-30 manata inspektorluq edirdik. AFFA bunu da bizə çox gördü. Oyunda inspektorun olması cavan hakimlərə dayaqdır və daim onlar üzərində nəzarətdir. AFFA müstəqil qurumdur deyə nə istəyir edir. Xaqani Məmmədovun sədr olduğu dövrdə bəzi hakimlər futboldan uzaqlaşdırılmışdılar. Bəzilərinin rüşvətdə adı hallanırdı, bəziləri ardıcıl kobud səhvlərə yol verdiyinə görə yola salındı. Fritz Stuxlikin gəlişindən sonra futboldan kənarlaşdırılanlar AFFA-da iş başındadırlar. Hərə bir vəzifə tutub. Bu nə dərəcədə düzgündür? 2-3 ay əvvəl mətbuatda dərc olunub ki, Ruhulla Kərimovla Şahin Cəfərov hakim-inspektorluqdan kənarlaşdırılıb. Ancaq açıqlama verimir ki, nəyə görə? O vaxt Babək Quliyevlə Anar Salmanov ağır ittihamla futboldan uzaqlaşdırılmışdılar. İndi isə AFFA-da vəzifə tuturlar. Belə çıxır ki, day-dayın varsa, oğurluq, dələduzluq etsən də AFFA-da işləyə bilərsən. Ancaq təmiz insanlara yer yoxdur. Fritz Stuxlikin gəlişindən sonra Asim Xudiyevin də beynəlxalq oyunlara təyinatı azalıb. Komitədə özbaşınalıq baş alıb gedir və bundan Elxan Məmmədovun da xəbəri var.
İnspektorluqdan kənarlaşdırıldıqdan sonra bir müddət futbolsuz qaldım. Sonradan futbolu sevdiyimdən iş üçün AFFA-ya müraciət etməli oldum. Mənə cavab verdilər ki, sənin ali təhsilin qurumda işləməyə imkan vermir. Mən özüm hüquq fakultəsini qurtarmışam. Məgər AFFA-da işləyənlər təhsilinə uyğun işləyirlər? Orada işləyən E.Məmmədovun qonşularının, qohumlarının idman təhsili var? F.Musayevlə R.Mirzəyevin vaxtında belə biabırçılıq olmamışdı.

- Keçmiş referi indiki hakimliyi necə qiymətləndirir?

- Əvvəldə qeyd etdiyim kimi həm hakimlik etmişəm, həm də inspektor olmuşam. Mənim fikrimcə, Fritz Stuxlik hakimlərimizə oyun qaydalarını yaxşı başa sala bilmir. Hakimlər Komitəsini indi hakimlikdən kənarlaşdırılanlar təmsil edir və məncə Stuxliki də onlar idarə edir. Necə ola bilər ki, uşaq liqalarını idarə edən hakim 1 ildən sonra Premyer Liqada peyda olur? Deməli, day-dayısı var. Hakim-inspektorlarda da vəziyyət eynidir. Niyə Asim Xudiyev kimi beynəlxalq təcrübəyə malik hakim-inspektor kənarda qalmalıdır? O, həm veteran futbolçu, həm təcrübəli hakim olub. Mənə qarşı olan haqsızlıqlar indi başqalarına qarşıdır.

"Mircavadov, Sadıqov susmamalıdır"

- Veteranların susmağı düzgündür?

- AFFA-nın Məşqçilər Şurasında olan futbol veteranları Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şakir Qəribovu yaxşı başa düşürəm. Onlar danışan kimi işdən çıxarılacaqlar. Buna baxmayaraq, onların susmasını doğru hesab etmirəm. Bu mütəxəssislər danışmalı, sözlərini deməlidirlər. 400-500 manat aldıqlarına görə susurlar. Düzünü deyən, haqqını tələb edən futbol mütəxəssisləri isə qıraqda qalıblar.

Anar Cəfərsoy

 

Digər xəbərlər