"Avropaya baxıb öyrənsinlər" - "Sumqayıt"ın baş məşqçisindən məsləhət

"Avropaya baxıb öyrənsinlər" - "Sumqayıt"ın baş məşqçisindən məsləhət
Futbol
11 Aprel 2021 - 22:35
"Bu oyuna çox ciddi hazırlaşmışdıq. "Qarabağ" Azərbaycanda ən yaxşı komandadır. İstənilən situasiyaya hazır idik. "Qarşıda bizi çətin oyunlar gözləyir. Ruhdan düşmək olmaz".

Supersport.Az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis hakimlikdən narazı qalıb:

"Qol buraxdığımız vaxt meydanda 10 nəfərlə qalmışdıq. Əli Qurbani meydanın kənarında idi. Bundan sonra qapımıza qol vuruldu. Belə şeylər olur. Gənc komandamız var. "Qarabağ"la oyunlarda təzyiq olur. Sonrakı dəqiqələrdə rəqibə qol vurmağa çalışsaq da, alınmadı. Hakimin də kobud səhvi oldu. İlk qolda Vüqar Mustafayevə qarşı kobudluq oldu, görmədilər".

O bildirib ki, hakimləri oyuna aqressiv hazırlayırlar: "Xüsusən də, dördüncü hakimləri başa düşə bilmirəm. Baş məşqçiyə hərəkət etmək imkanı vermirlər. Bu gün də hakimlikdən narazı qaldıq. Avropaya baxıb öyrənsinlər. Dördüncü qolda ofsayd var idi".

Abbasovun sözlərinə görə, matçdan öncə Murad Xaçayevin zədəsi var idi: "Oynayıb-oynamayacağı bilinmirdi. Amma biz risk etdik. Matçdan sonra axsayırdı. Xırda problemlərimiz var idi. Məşqi az edən futbolçular çətinlik çəkdilər. Çempionatın sonunadək bu tempi saxlamaq çətin olacaq. Lakin yaxşı şansımız var, istifadə etməyə çalışacağıq".

Baş məşqçi bütün futbolçularına güvəndiyini söyləyib: "Rotasiyalar olacaq. Qarşımıza məqsəd qoymamışıq ki, avrokuboklara vəsiqə qazanacağıq. Əsas olan mübarizə aparmaqdır. Bu məqamda zədə alsaq, problem olacaq. Bu heyətlə başlamışıq, bununla da çempionatı başa vuracayıq".

Abbasov "Qarabağ"ın "Azersun Arena"da yaxşı təsir bağışladığını vurğulayıb: "Uduzub-uduzmaqdıqlarını bilmirəm. Ümumiyyətlə, statistikaya fikir verməmişəm. Ümumiyətlə, "Qarabağ"la "Neftçi"nin səviyyəsi daha üstündür".

Mütəxəssis "Qarabağ"la ölkə kubokunun yarımfinal görüşlərinin fərqli olacağnı bildirib: "Hər iki komanda vacib görüşlərə çıxacaq. Ona görə də indi kuboku düşünməyə vaxtımız yoxdur".

Digər xəbərlər