Çingiz İsmayılov: "Azərbaycan futbolunda inqilab, islahat olmalıdır"

Çingiz İsmayılov: "Azərbaycan futbolunda inqilab, islahat olmalıdır"
Futbol, Eksklüziv
09 Aprel 2021 - 16:13

AFFA RƏHBƏRLİYİNƏ, ŞƏRHÇİLƏRƏ MÜTƏXƏSSİSDƏN MƏSLƏHƏTLƏR


"DÖVLƏT PROQRAMIYLA BAĞLI HESABAT, YOXLAMA, CAVAB VERƏN OLDUMU?"


Supersport.Az AFFA-nın keçmiş baş katibi, "Neftçi"nin sabiq futbolçusu, rəisi Çingiz İsmayılovdan müsahibə alıb. O, 20 il Azərbaycan Dövlət Televiziyasında çalışıb, baş redaktor müavini, şərhçi də olub.


86 yaşlı mütəxəssis, “Tribuna” rubrikamıza futbolumuzun indiki durumundan çox narahat olduğunu bildirib.


"Əbülfəs Qarayevə dedim ki, acından ölməyəcəm"


- Çingiz müəllim, necəsiniz?


- İlk olaraq bildirim ki, Qarabağı erməni işğalından azad edən şanlı ordumuz, prezident, Ali Baş Komandan İlham Əliyevlə fəxr edirəm. Ölkə rəhbəri düşməni informasiya müharibəsində də məğlub etdi. 


Sualınıza gəlincə, maraqlanmırlar, soruşmurlar ki, vəziyyət necədir, futbolumuz nə gündədir? Veteran futbolçu Müzəffər Qasımov, AFFA-da vaxtilə birgə çalışdığımız Məlik Həsənov, Boris Xetaqurov, Ramiz Mustafayevlə telefon əlaqəsi olur, danışırıq.


- Maddi çətinliyiniz yoxdur?


- Vaxtilə AFFA-dan ayrılanda keçmiş idman naziri Əbülfəs Qarayev mənə dedi ki, işsiz qalarsan təsirini bilərsən. Dedim ki, acından ölməyəcəyəm. Allaha şükür iki oğlum məni təmin edir, dünyanın bəlası koronavirusa da yoluxmamışam.


"Fərqi nədir ki, necə uduzuruq?" 


İtaliyalı məşqçi Canni de Byazinin çalışdırdığı, hesabında sıfır olan millimizin dünya çempionatının seçmə mərhələsində çıxışına necə qiymət verirsiniz?


- Milli komandanın məşqçiləri azərbaycanlı olmalıdır. Mənfur ermənilər, görün, necə oynayırlar, qrupda birincidirlər, final mərhələsinə vəsiqə qazanmaq şansları çoxdur. Bizdə isə 5-6 xal toplamağa sevinirlər. Heç bir məşqçi deməyəcək ki, erməni sənin düşmənindir. Məşqçilərimizdən biri deyir ki, moldovalılar 8 qolla uduzdu, millimiz isə bu hesabla məğlub olmur, vəziyyət yaxşıdır. Fərqi nədir ki, necə uduzuruq? Məğlubiyyət uğursuzluqdur də.


Bir məqamı da xüsusi qeyd edim ki, milli komandanın oyunlarını dövlətin birinci kanalı canlı təqdim etməlidir, bütün ölkə izləməlidir. Türkiyəyə, başqa ölkələrə baxıb görsünlər ki, orda necədir. "CBC Sport"u çoxları izləyə bilmir. 


"Qurban Qurbanova mane oldular"


Millinin yerli mütəxəssislərə həvalə olunmasının vacibliyini bildirdiniz. Sizcə, AFFA rəhbərliyi 6 il müqavilə bağladığı Qurban Qurbanovla yolları erkən ayırmaqla səhv etmədimi?


Kimdir günahkar? Qurban Qurbanov deyil. Onun sanki əl-qolunu bağlamışdılar. Deyə bilmərəm ki, ona kimlər mane oldu. Komanda formalaşdırmaq üçün hamı birgə çalışmalıdır. Məşqçilərə 1 il vaxt azdır. Qurban Qurbanovun fəaliyyətini yüksək qiymətləndirirəm. Qurban "Qarabağ"da uğurlu nəticə göstərməklə yanaşı, futbolçu yetişdirmək baxımından da fərqlənir. Cavan, istedadlı futbolçunu həvəsdən salmaq olmaz. Məşqçilər Şurasında təcrübəli mütəxəssislər yer alır. Səhvsiz insan yoxdur. İş olan yerdə xəta olacaq. Əsas odur ki, səhv düzəldilsin. Bu gün ölkədə əməkdar ad alan müğənnilərin sayı peşəkar futbolçulardan çoxdur. Azərbaycanda peşəkar futbolçuluğa layiq oyunçu azdır. Peşəkar futbolçu, hətta küçədə, evdə də çalışmalıdır. Vaxtilə çempionatımız dayananda futbolçularımızın Ukrayna, Rusiya, İsrail klublarında oynaması üçün xahiş etmişdik. Moskvada seleksiyaçımız vardı. Bu gün heç bir yerli futbolçumuz xarici klubda oynamır. Əclaf ermənilər isə İngiltərə, İtaliya, Niderland və başqa ölkələrin çempionatlarında iştirak edirlər. Bizdən Vəli Qasımov idi, onda da alınmadı. Futbolçularımızda peşəkarlıq, əzmkarlıq, psixoloji hazırlıq aşağıdır. Yaxşı xatirinizdə olar vaxtilə Azərbaycan yığması Bakıda İsveçrəni məğlub edib, Portuqaliya seçmə komandasıyla qollu heç-heçə edib. Portuqaliyalılarla ilk gün işıqlar söndü, səhərisi oyun davam etdirilsə də, yenə millimizi uda bilmədilər.


"8 komandayla çempionat olmaz" 


- Çempionatımızın səviyyəsi çoxlarını qane etmir. Bəs, siz nə düşünürsünüz?


- Futbolumuzun səviyyəsi çox aşağıdır. Xaricilər bura gələndə bizi tərifləyirlər. Ona görə ki, bizimkilərdən çox pul alırlar. Çempionatın səviyyəsi çox zəifdir, baxımlı futbol göstərmirlər. Futbolu xal hesabına qurban verirlər. 1960-cı ildə "Neftçi" 80 minlik "Lujniki" stadionunda Moskva "Spartak"ını 2:1 məğlub etdi. Komandamızdan qolları Yuri Kuznetsovla Anatoli Qryazev vurmuşdu. Şərhçilərimizin çoxu bu barədə bilirmi? Böyük Britaniyanın keçmiş baş naziri Tetçer Bakıya gələndə hakimimiz Tofiq Bəhramovu görüşə çağırmışdı. Vaxtilə idmançılara qız vermirdilər. İndi hamısı idmansevər olublar.


8 komandayla çempionat olmaz. Bakının açıq birinciliyidir. Azərbaycan futbolunda inqilab, islahat olmalıdır. Baxıb öyrənsinlər, Ukrayna, Belarus və başqa ölkələrdən. Bizdə 8 klubun 7-si qazanc əldə etmir, əksəriyyəti legionerlərdən ibarətdir. Kimə lazımdır bu? 8 komanda 160 futbolçudan ibarət olar. Bunun yarısı legioner olanda milliyə bədbəxt məşqçi 80 yerli oyunçudan 23-nü seçməlidir. Əcnəbilərin sayını azaltmaq lazımdır. Bir-iki ilə komanda qurmaq, düzəltmək mümkün deyil. İmkan, vaxt verilməlidir. 14-15 yaşlı uşaqlardan başlamaq lazımdır. Müxtəlif yığmalar, U-21 uğurla çıxış etməsə, deməli bizdə futbol olmayacaq. Bilirsiniz ki, aşağı yaş qrupunda seçmə komandalarımız uduzurlar, hansıları final mərhələsinə çıxıblar? Belə fakt da futbolumuzun vəziyyətinin ağır olduğunu göstərir. Şərhçilərimizin futbolumuz haqda tənqidi fikirlərinə rast gəlinmir, buna imkan verilmir. Telekanallar Azərbaycan millisinin İsveçrə, Slovakiya, Türkiyə yığmaları üzərində qələbələrini niyə göstərmirlər? Futbolu inkişaf etdirmək üçün səbr, təmkinlə müzakirə etməliyik. Ağsaqqallar alim olmasa da, həyatın sirlərini bilirlər, təcrübələrinə görə onların məsləhətlərindən faydalanırlar. Ötən həftə cüdo yarışında təmsilçimiz finalda yapon idmançısıyla görüşürdü. Telekanallarımız istirahət günləri yalnız İngiltərə və başqa xarici çempionatlara üstünlük verirlər. Verilişlərin 80 faizi əcnəbi oyunçulara həsr olunur. Daha çox milli çempionata diqqət yetirilməlidir. Hanı region komandalarımız? Haradadır vaxtilə Avropa yarışlarında təmsil olunan Gəncə, Tovuz, Masallı, Lənkəran, Şəmkirin klubları? Əməkdar məşqçi Nadir Qasımovun çalışdırdığı Buzovnanın "Xəzri" komandası da bir vaxtlar qitə turnirində mübarizə aparıb. Əksər komandalar dağıldı. Bölgələrsiz ölkədə futbol olmayacaq. Vaxtilə Gəncə, Tovuz futbolçuları "Neftyanik"də çıxış edib. İndi isə düz-əməlli futbolçu tapa bilmirik.


- AFFA-nın baş katibi, icraçı vitse-prezidenti Elxan Məmmədov deyib ki, premyer liqada 12 klub risklidir.


Çempionatda 14 komanda yarışmalıdır. Klubların əksəriyyəti paytaxtdan olacaqsa, bu, kimə lazımdır? Qəbələdə akademiya vardı, indi deyirlər ləğv ediblər. Niyə belə edirlər? Orda əla şərait var. Axı, hər klubun akademiyası olmalıdır. Futbolumuzda pul qazanılmır, xərclənilir. Dollarlar havayı gedir. Avropa turnirlərində ümidimiz iki komandaya - "Qarabağ"la "Neftçi"yədir, vəssalam. Qalanları yarışın ilk mərhələsində kənarlaşır. Kimə lazımdır bu?


İngiltərədə 5 liqada mübarizə gedir. Hətta ikinci liqa komandaları kubok yarışında 1/4 final mərhələsinə vəsiqə qazanır.


"Neftçi"yə ağıllı rəhbərlik etmək lazımdır"


- "Neftçi"nin əvvəlki vəziyyətindən əlamət qalmayıb. Bu, sizi narahat edirmi?


Əlbəttə, çox narahatam. Necə vəziyyətdirsə, "Neftçi" "Sumqayıt"a son oyunda bir qol belə vura bilmədi. Halbuki qarşılaşmadan əvvəl hay-küy salmışdılar ki, udacağıq. "Neftçi" uduzanda əhvalım korlanır, pis vəziyyətə düşürəm, təzyiqim qalxır. Bilirsiniz, son oyunda niyə məğlubiyyət oldu? Çünki komanda ailə deyil. Komanda qurmaq çox çətindir. Sovet dövründə mərkəzi komitə rəhbərləri idman sahəsində də uğursuzluq olanda işə qarışırdılar. Bizdə əksər klublarda məşqçilərə vaxt verilmir, prezidentlər bir müddət sonra yolları ayırır.


- Çempionatımızın qalibi hansı komandanın olacağı fikrindəsiniz?


- "Qarabağ"ın yenidən çempion olacağını düşünürəm. "Neftçi" fiziki cəhətdən geri qalır, qətiyyətli oynamır. Bütün komandalar bu kluba qarşı ikiqat güclə oynayır. "Qarabağ" klubunun indi heç kimə ehtiyacı yoxdur, maddi baxımdan özünü təmin edir. "Neftçi"yə ağıllı rəhbərlik etmək, pulu düzgün xərcləmək lazımdır.


"AFFA 10 ildə bir futbolçu yetişdirib gətirə bilmədi"


- Çoxları futbolumuzun xias yolunu AFFA rəhbərliyinin istefasında görür.


- Bunlar getsələr, yeni gələnlər neyləyəcək? Mənə elə gəlir ki, indiki rəhbərliyə imkan vermək lazımdır işləsin. Ancaq səmərəli çalışsınlar. AFFA-dan ayrılandan sonra qurumun tədbirlərinə çağrılmışam. Son bir il koronavirus xəstəliyi bütün sahələrə mənfi təsirini göstərir.


Azərbaycanda təkcə futbol pis vəziyyətdədir? "Neftçi" 1972-ci ildə SSRİ çempionatının güclülər dəstəsini tərk etdi. Mərhum prezident Heydər Əliyev ölkədə idmanın inkişafıyla bağlı 1974-cü ildə toplantı keçirdi. İki il sonra məhz bunun nəticəsində "Neftçi" güclülər dəstəsinə qayıtdı. O vaxt belə tələb səsləndi ki, hər müəssisənin, kolxoz, sovxozun idman qurğusu olmalıdır. Məktəblərdə təkərlərlə əhatə olunmuş futbol meydançaları, həmçinin yeni stadionlar tikildi. Beş-altı il əvvəl təhsil ocaqlarında bunları məhv etdilər. Ölkədə bədən tərbiyəsi və idmanın inkişafında Gənclər və İdman Nazirliyi mühüm yer tutur. Nazirlik kənarda qoyulmamalıdır. Başqa ölkələrdə idman nazirliyi futbola da nəzarət edir. Vaxtilə kişilərdən ibarət iki basketbol komandamız güclülər dəstəsində mübarizə aparırdı. Voleybol klubumuz sovet dövründə uğur qazanmışdı. İndi hanı komandalarımız? Şamaxıda futbol olmayıb, ancaq yaxşı güləşçilər olub. Futbolumuzun inkişafıyla bağlı dövlət səviyyəsində müşavirə keçirilməlidir. Gənclər və İdman Nazirliyi bu sahəyə xüsusi diqqət yetirməlidir. Futbolun inkişafıyla əlaqədar iki dəfə dövlət proqramı qəbul olunmuşdu. Nəticəsi nə oldu? Hesabat tələb olundumu, yoxlama, cavab verən oldumu? Buna görə də futbolumuz acınacaqlı vəziyyətə düşüb. AFFA-nın baş katibi futbolda təşkilatçılıqla məşğul olmalıdır. Bu sahəyə də dövlət milyonlar ayırır. Gənclər və İdman Nazirliyi futbola da nəzarət etməli, qəti sözünü deməlidir. Elxan Məmmədovdan soruşsanız mənim dediyim fikri səsləndirəcək. Deyəcək ki, mən komandayla məşğul olmuram, baş məşqçi var. AFFA Almaniyada futbol məktəbi açmışdı, 10 il ötüb. Bir futbolçu da yetişdirib gətirə bilmədilər. Vaxtilə Rusiyada seleksiyaçımız vardı. AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin, baş katib Fuad Əsədovun dövründə Aleksandr Səmədov milliyə gəlib məşq etdi. Dəqiq deyə bilmərəm, deyilənə görə futbolçu 400 min dollar istəmişdi, ancaq razılıq olmadığından o, Rusiyanı seçdi. Hazırda şimal qonşumuzda azərbaycanlı futbolçular çoxdur. Lənkəran, Mingəçevir, Gəncə, Tovuz, Şəmkir və digər bölgələr premyer liqada təmsil olunmalıdır. Müstəqillik dövründə çempionatımızda 26 komanda yarışırdı, iş adamlarının, futbola böyük dəstəyi vardı. Vaxtilə "Neftçi"yə Rasim, Nəvai komandasına Əli, Şəmkir, Gəncə futboluna Saşa adlı, Masallı komandasına bir sıra şəxslər kömək edirdi. Telekanallarımızda onları yada salan varmı? Xarici məşqçilər, hokkeyçilər, idmançıların adlarını elə həvəslə təbliğ edirlər ki, sanki bizimkilərdir. Halbuki onların arasında Azərbaycanın əleyhinə danışanlar da var. Belələrinin təbliğatıyla məşğuldurlar. Futbolumuzda nə qədər tərif olar? Azərbaycan üçün nəsə etməyəni göylərə qaldırırlar. Əksər telekanallarımızda istirahət günü futbol çempionatımızın nəticələri verilmir, xarici ölkələrin liqalarına üstünlük verilir. Belə olmaz, axı. İnsan mənsubiyyətini itirməməlidir. Biz azərbaycanlı olduğumuzu, düşmənlərimizi unutmamalıyıq.


Mərhum şair Abbas Səhhət gözəl deyib: Vətəni sevməyən insan olmaz, olsa o şəxsdə vicdan olmaz.


Vaxtilə ermənilər sovet dönəmində olan bəzi yerlərin adını dəyişdilər, Stepanakert adına isə toxunmadılar. Əslində isə ora bizə məxsus Xankəndidir. Stepan Şaumyan bizim düşməndir, ermənilər onu qəhrəman hesab edir. Onun rəhbərliyilə ölkəmizdə azərbaycanlılara soyqırımı edilib. Rusiyada da xain, satqın ermənilər çirkin əməllərlə məşğuldurlar. Vaxt gələcək onlar deyəcəklər Krasnodar da bizimdir.


Anar Cəfərsoy

Digər xəbərlər