AFFA-nı “bombaladı” - erməniləri məhv edən döyüşçümüz

AFFA-nı “bombaladı” - erməniləri məhv edən döyüşçümüz
Futbol, Eksklüziv, Tribuna, Foto
08 Mart 2021 - 23:00

“ALLAHIN QANUNA ZİDD OLMASAYDI, ÖZÜMÜ ÖLDÜRƏRDİM”


Qarabağ müharibəsi iştirakçısı, hakim Taleh Məmmədov Supersport.Az portalına müsahibə verib.


Futbolu döyüş meydanına dəyişən 35 yaşlı referi, “Tribuna” rubrikasında ölkəmizin qazandığı zəfərin möhtəşəm olmasından, məmurların biganəliyindən danışıb.


Təcrübəli hakim AFFA rəhbərliyinin soyuq münasibətindən də şikayətlənib.


Vətən Müharibəsinin iştirakçısı Taleh Məmmədov söhbətə əvvəlcə döyüş yolundan körpü salıb.


 




  • Döyüşə yollanmamışdan əvvəl hakimlik normativini, imtahanı yüksək səviyyədə verdim. Oyuna təyinat alsam da, cəbhəyə yollanmağı üstün tutdum. Torpaqlarımızın işğalçılardan azad olunması naminə könüllü olaraq müraciət etmişdim. Murovdağ, Daşkəsən, Tovuz uğrunda gedən döyüşlərdə iştirak etdim. Sentyabrın 29-da cəbhəyə yollanıb yanvarın 3-də qayıtdım. Dəhşətli, şiddətli müharibə oldu. Murovdağ 3724 metr yüksəklikdədir. Buna görə də erməni işğalçılarıyla döyüş çox çətin oldu. Allaha şükür ki, buna rəğmən, ordumuz qələbə qazandı, düşmən məhv edildi. Əsgərlərimiz şəhidlik zirvəsinə yüksəldilər, canlarını, qanlarını verdilər, itkilərimiz çox oldu. Ordumuzun möhtəşəm döyüşüylə erməni işğalçılarının bir hissəsini darmadağın etdik, qalanları isə qorxaraq qarşımızdan qaçdı. Hara baxırdıq onların leşlərinə rast gəlirdik. Quru qoşunlarında baş leytenant kimi bölük komandiriydim. Ordumuzu silahla təmin etməklə yanaşı, döyüşürdük. Bölük komandiri olaraq nəzarətimdə 95 nəfər heyət vardı. Ordumuz həqiqətən möhtəşəm idi. 2009-cu ilədək zabit kimi xidmət etmiş, sonra təxris olunmuşdum. 11 il ərzində ordumuzun inkişafında böyük fərq vardı. Silahlı qüvvələrimiz möhtəşəm idi. Düşmən sarsıldı, məğlubiyyətini, zəif olduğunu etiraf etdi, bizə yalvarmağa başladı ki, müharibə dayandırılsın. Kəlbəcərə hücum etməyi düşünürdük. Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətiylə düşmən təslim olaraq Ağdamı, Kəlbəcəri, Laçını da azad etmək məcburiyyətində qaldı. Düşmən hələ də vahimədədir, şokdadır.

  • Hazırda vəziyyətiniz necədir?

  • Vətənin işğaldan azad olunmasında az da olsa, payım olduğum üçün fəxr edirəm. Müharibədə psixoloji, mənəvi cəhətdən zərbə aldım, çox sarsıntı keçirdim. Bilmirdim ki, Gəncəyə, digər yerlərə raket atılarkən əhalini, yoxsa tabeliyimdə olan 95 nəfəri, ümumiyyətlə əsgərlərimizin hamısını düşünüm. Mülki vətəndaşların da öldürülməsi bizi çox əsəbləşdirdi. Azərbaycan ordusunun zəfəri dünyaya nümunə oldu. Rəşadətli ordumuz, ali baş komandanla fəxr edirəm. Hazırda maddi problemim, borcum var. Çox acınacaqlı vəziyyətdə yaşayıram. Allahın qanuna zidd, vətən sevgisi, övladlarım olmasaydı, özümü öldürərdim. Ailəm 6 nəfərdən ibarətdir. Gələndən müalicə olunuram, heç bir kömək yoxdur. Valideyn, əla alan övladına ən azı “Əhsən sənə, yüksək qiymət almısan” deyə ruhlandırmalıdır.

  • Medalla təltif olunmusunuz?

  • Hərbi biletim hələ ki, gəlməyib. Apreldən sonra medal verilməsi gözlənilir. Çox sayda əsgərlərimiz döyüşüb, vaxt tələb olunur. Ölkə prezidenti İlham Əliyev bildirib ki, nəinki ön, hətta arxa cəbhədə fəal iştirak edənlərə mükafat veriləcək. Dövlət başçısı, orduya maddi, mənəvi dəstək verənləri də diqqətdən kənar qoymur.

  • İndi futbola qayıdaq. Nə vaxt yenidən hakimliyi davam etdirəcəksiniz?

  • Çox təəssüf ki, hərbidən qayıdan kimi AFFA-dan məni dərhal imtahana çağırdılar. Gələndə adama “Xoş gəlmisən” deyərlər. Bu sözü də qurumdan eşitmədik. Hakimlikdə normativi, imtahanı verdim. Sınaq sualları çətin idi. Mən döyüşdə olanda hakimlərə yeni kitab verilib. 2006-cı ildən hakimlik edirəm. Müharibədən qısa müddətdir qayıtsam da, yeni kitab məndə olmamasına baxmayaraq, normativi, imtihanı da verdim. Lovğalıq olmasın normativ mənim üçün su içim kimidir. Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi və idman ixtisasını fərqlənmə - qırmızı diplomla biitirmişəm. Yüngül atletika üzrə 5 km məsafəyə qaçışda Azərbaycan çempionuyam.

  • Premyer Liqa oyunlarına niyə təyinat almırsınız?

  • 15 ildir ki, referiyəm. Mən hakim olanda hazırda premyer liqada bəziləri aşağı liqalarda idi. Avstriyalı futbol adamı komitəyə rəhbər gələndən sonra çoxlarını irəli çəkdi. Mən isə birinci liqada çabalayıram. Bilirsiniz, niyə?

  • Niyə?

  • Çünki mən regiondanam, yiyəm yoxdur.

  • Belə çıxır ki, region hakimlərinə soyuq münasibət var.

  • Əlbəttə. Hazırda regiondan premyer liqada hansı hakimlər var? Vaxtilə bölgədən FİFA referisi Samir Hacıyev, Sərxan İsmayılov, Samir Hüseynov, Rasim Məmmədov, Alik Yunusov və başqaları olub. Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədovun vaxtında. İndi premyer liqada regiondan hansı hakimə təyinat verilir? Hazırda hamı Bakıya qaçır. Hakim ay ərzində paytaxtda 3 məşqdə, 1 iclasda iştirak etməlidir. Bunu etməyənlərə təyinat olmur. AFFA heç bir xərc vermir. Ayda 2 oyun idarə etməyim müqabilimdə 400 manat alıram. Qazandığım pulu, yol, otel xərcinə verib ailəmi ac saxlamalıyam? 35 yaşım var, heç vaxt qonorar üçün deyil, inkişafıma çalışmışam. İndi görürəm ki, buna fikir verilmir. Pul məni dəyişmir. Halal qazanmaq lazımdır. AFFA-nın verdiyi qonorarın məbləğindən asılı olmayaraq, hər zaman Allaha şükür etmişəm. Heç kimdən çəkinmirəm, qorxmuram. Həmişə doğrunu söyləməyə çalışmışam. Düzlüyə görə məni assınlar, problem yaratsınlar, eybi yoxdur. Sonumuz Allahın əmriylə ölüm, ona qayıdışdır. Uca Rabbimiz doğruları sevir, onları mükafatlandırır. Adamı sarsıdan insana dəyər verməməkdir. Altı aydır qazandığımı yollara xərcləmişəm. Vətən sağ olsun. Canımı vətənə vermişəm, pulu verməyəcəm?

  • AFFA rəsmilərinə problemlər haqda fikrinizi bildirmisiniz?

  • Bildirmişəm, qulaq asan yoxdur. Ona görə ki, danışmağım onlara sərf eləmir. Bu barədə Elxan müəllimə (Elxan Məmmədov-red.) yazılı müraciətim olub. Keyfiyyət olması üçün təminat olmalıdır. Məsələn, bölük komandiri kimi atəş əmri verirəmsə, əvvəlcə əsgərə güllə verməliyəm.

  • Hakimlikdə yetirməniz varmı?

  • Regiona münasibət məlumdur. İstəmərəm ki, kiminsə övladı bədbəxt olsun. Azərbaycan Bakıdan ibarət deyil ki.

  • AFFA rəhbərliyi bəzi müharibə iştirakçılarıyla görüşüb. Bəs, sizinlə?

  • Mən onlara lazım deyiləm. Özümü orda alçaldılmış adam kimi gördüm. Ən böyük dəyəri Ali Baş Komandan İlham Əliyev verir. Dünyanın ən xoşbəxt adamı özümü hesab edirəm. Əvvəllər hansı ölkəyə gedirdimsə, başı aşağı gəzirdim. Allaha sonsuz şükürlər olsun ki, zəfərimizdən sonra artıq başımı dik tuturam. Siz mənə zəng etmisiniz. Kişi kimi müsahibə verə bilirəm? Bəziləri kimi dovşan olaraq qaçıb gizlənməmişəm ki? Torpağımızda kişi olaraq, başı dik gəzirəm. Vətən müharibəsində çörək, silah, güllə daşımışam, fəhləlik etmişəm, səngər qazmışam. Bunu özümə borc saymışam. Allah mükafatımızı versin. Bəziləri utansın ki, torpağı qoruyan, işğaldan azad edən fədakar insanlara qiymət vermirlər. Adam umduğu yerdən küsər. Mənim yiyəm AFFA-dır, futbol ailəsindənəm. Əgər qiymət verilmirsə, sahibin kiçikliyidir. Hər şey yerini tapacaq. Müharibədən yeni çıxan ölkəyik. Əlbəttə ki, çatışmamazlıqlar olacaq. Ancaq nöqsanları şişirdib fil etməməliyik. Çalışmalıyıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində yumruq kimi birləşək, ölkəmizə töhfə verək.

  • Gəncə İcra Hakimiyyətindən necə, maraqlanan olubmu?

  • Xeyr. Heç kim. Yalnız Təhsil İdarəsi rəhbərliyi mənimlə görüşüb, mənəvi, psixoloji dəstək verilib. Buna görə təşəkkür edirəm. Supersport.Az-a xüsusi minnətdarlığımı bildirirəm. Sizin də fəaliyyətiniz Vətənə xidmət, sevginin göstəricisidir.

Digər xəbərlər