Səmayə Məmmədova: "AİJF AİJA-nı qıcıqlandırdı"

Səmayə Məmmədova: "AİJF AİJA-nı qıcıqlandırdı"
Digər
20 Fevral 2021 - 15:00

Supersport.Az-ın məlumatına görə, fevralın 20-də videokonfrans formatında Azərbaycan idman jurnalistlərinin ikinci respublika toplantısı keçirilib.




Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AIJF) təşkilatçılığı ilə keçirilən tədbirdə idman mediasının nümayəndələri və qurumların mətbuat katibləri iştirak ediblər.


Əvvəlcə Vətən müharibəsində çanından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.



Sonra AİJF-nin illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.


AİJF prezidenti Qabil Mehdiyev çıxış edərək ötən il ərzində qurumun fəaliyyəti ilə bağlı hesabat verib. O, qeyd edib ki, qarşıya qoyulan planların hamısının koronavirus pandemiyasına görə, karantin rejimi səbəbindən həyata keçirilməsi mümkün olmasa da, mövcud şəraitə uyğun icrası mümkün olan bütün tədbirlər həyata keçirilib. Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan 44 günlük Vətən müharibəsində idman jurnalistləri və idmançıların da böyük şücaət göstərdiklərini vurğulan Q.Mehdiyev AİJF-nin nümayəndələrinin Vətən müharibəsində canından keçən şəhid idmançıların ailələrini ziyarət etdiyini, müharibə iştirakçıları, qazilər ilə görüşlər keçirdiyini bildirib.




Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair danışıqların aparılması ilə bağlı danışan Qabil Mehdiyev, bu müzakirələrin davam etdiyini diqqətə çatdırıb.




Toplantıda AİJF-nin ötən müddət ərzində keçirilən tədbirlər sırasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Karate Federasiyası ilə əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması, Kiberidman Federasiyası ilə birlikdə idman jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatının təşkili, ölkənin bütün KİV-lərinin xanım idman jurnalistləri ilə görüşün keçirilməsi, Mətbuat Günü münasibətilə veteran idman jurnalistlərinin ziyarət edilməsi, koronavirusa qarşı mübarizə məqsədilə sosial təbliğat videoçarxlarının hazırlanması xüsusi vurğulanıb.




Qabil Mehdiyev bildirib ki, AİJF üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulublar və aksiyaya görə Birinci vitse-prezidentin təşəkkür etdiyi təşkilatlar arasında AİJF də yer alıb. Tədbirdə o da qeyd edilib ki, qurum Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizəyə aid KİV nümayəndələri arasında vebinarlar, “Sidney-2000” Olimpiadasındakı iştirakının 20 illiyi münasibətilə videokonfrans keçirib, eləcə də, idman jurnalistləri arasında Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə yazı müsabiqəsi təşkil edib.




Qabil Mehdiyev ötən müddət ərzində qurumla sıx əməkdaşlıq edən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Antidopinq Agentliyinə və müxtəlif idman qurumlarına minnətdarlığını bildirib.




Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova toplantı iştirakçılarına əvvəlcə gənclər və idman naziri Azad Rəhimovun salamlarını çatdırıb. Ötən 1 il ərzində AİJF-nin uğurla fəaliyyət göstərdiyini bildirən S.Məmmədova idman jurnalistlərinin həmişə diqqət mərkəzində olmasının, onların yarışlarda iştirakının daim təmin olunmasının vacibliyini qeyd edib:


"Azad müəllim tezliklə qayıdacaq və sizinlə canlı ünsiyyətdə olacaq. AİJF koronavirusa rəğmən bir il ərzində çox uğurlara imza atıb. Bu qurum müsbət fəaliyyətiylə digər təşkilatı (Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - red.) yaxşı mənada qıcıqlandırdı. AİJF-dən sonra AİJA da media nümayəndələrini mükafatlandırdı. Rəqabət olan yerdə inkişaf olur. Nazirlik olaraq jurnalistlərə dəstək olmağa çalışırıq. Gənclər və İdman Nazirliyi pandemiya dövründə müxtəlif onlayn layihələr həyata keçirib. İdman jurnalistlərinin bir araya gəlməsi təqdirə layiqdir".




MOK-un mətbuat xidmətinin rəhbəri Günay Malikqızı idman jurnalistikasının son illər inkişaf etdiyini vurğulayıb.


"İdman jurnalistikasında maraq doğuran amillər var. Təbii ki, bir neçə problem də mövcuddur və bunların həlli sizdən, bizdən asılıdır. MOK idman jurnalistləri ilə birlikdə ortaq layihələr həyata keçirməyə hazırdır. Karantin dönəmi onlayn layihələrin keçirilməsi üçün bizə təcrübə oldu".




Sonda idman jurnalistlərinin təklifləri dinlənilib və fikir mübadiləsi aparılıb.





Digər xəbərlər