"Neftçi"nin baş məşqçisi: "Hakimi təzyiq altında saxlamaq istəyirdim" - Video

"Neftçi"nin baş məşqçisi: "Hakimi təzyiq altında saxlamaq istəyirdim" - Video
Futbol, Video
13 Fevral 2021 - 21:38
Azərbaycan Premyer Liqasında XV turun "Qarabağ" - "Neftçi" oyunundan sonra təşkil edilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.


Supersport.Az xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə dəyərləndirib:

- Oyun barədə çox danışmaq istəmirəm. Sevinməyə 2 gün vaxtımız var, bunu uşaqlara da dedim. "Qarabağ"ı, Qurban Qurbanovu təbrik edirəm. Bu komanda bizə də nümunədir. Əla komanda qurub, iş görürlər. Bundan bəhrələnməliyik. "Qarabağ"a qarşı oynamaq xoşdur. Bu gün futbolçular əla iş gördülər. Bəlkə də qalib gəlməyimiz təkcə oyunla deyil, xarakter göstərməyimizlə də alındı.

- Hakimləri də təbrik etmək istəyərsiniz?

- Edirəm.

- Bu qələbə çempionluq üçün motivasiya olacaq?

- Tamamilə fərqli gün idi. Biz udmuşuq, amma heç nə baş verməyib. Hər an xal itirə bilərik, reallığı deyirəm. Əlbəttə, motivasiyadır. Oyundan əvvəl fərqli proqnozlar olur. Bizim üçün heç nə baş verməyib. Bu, bizim üçün stimul ola bilər.

- "Zirə" üzərində kubokda qələbə qazana bilmədiniz. Rəşad Sadıqova taktiki gedişdə uduzdunuz, yoxsa bu nə ilə əlaqədar idi?

- Bu barədə çox müzakirələr oldu. Bəs "Zirə" ilə oyunu udsaydıq, o adamlar nələr danışacaqdı? Komandamın super oynadığını demişdim, ancaq bunu çox yozdular. Sırf mütəxəssislərdən gedir söhbət, qalib gəlsəydik, nələr deyəcəkdilər? Belə danışmaqla azarkeşlərimizin bəzilərini özlərinə çəkib, oyunçularımızın üstünə gedirlər. "Super komanda" deməkdə məqsəd uşaqları təzyiqdən çıxarıb bu oyuna rahat hazırlamaq idi.

- Növbəti oyunda 4 futbolçunuz olmayacaq. Nə edəcəksiniz?

- Borcumuzdu, nəsə etməliyik. "Qəbələ"nin oyunundan xoşum gəlir. Çətin olacaq. Bəlkə də bu oyun motivasiya olacaq.

- Komandada sabitliyi qoruya biləcəksiniz?

- Bütün oyunlarda əziyyət çəkəcəyik, bu, reallıqdır. Pandemiya komandamıza da təsir etdi. Çox yoldaşlıq oyunları keçirə bilmədik. Monroz tam hazır deyil, belə vacib oyunda maksimum yararlana bilmirik. Getdiyimiz yol düzdü. Bir az güclənməliyik, ətrafımızın inamını da qazanmalıyıq.

- Saman Nərimancahan oyuna sonradan daxil oldu, amma yenə əvəzləndi...

- Həmin cinahdan həddən artıq yükləndilər deyə, o mövqeyi gücləndirməli idik. Bəlkə də yaxşı görünmür, amma etməli idik.

- Əhməd Əhmədovun keçidi ilə bağlı fikirləriniz...

- Son məqamda dedilər ki, bu hücumçunu icarəyə verə bilərlər. Bu mövqeydə Mirabdulla Abbasov var. Amma ehtiyac olduğu üçün götürdük. İnşəAllah, uğurlu olar. Əvvəlki klubunda 23-25 qol vurub.

- Meydanda hakimin hansı qərarını bəyənmirdiniz?

- Açığı, hakimi təzyiq altında saxlamaq istəyirdim.

Digər xəbərlər