Supersport.Az-ın əldə etdiyi xəbərə görə, AFFA bəzi hakim-inspektorları da oyundankənar vəziyyətdə qoyub.
Məlumatlı mənbə saytımıza deyib ki, fevralın 3-də keçirilən imtahanda “kəsilən” 4 şəxsə qarşılaşmalara təyinat verilməyəcək.
AFFA-nın sınağından keçə bilməyənlər sırasında ömrünün əksər hissəsini futbola sərf edən UEFA-nın hakim-inspektoru Asim Xudiyev, keçmiş FİFA referisi Fariz Yusifov, həmçinin Feyzulla Feyzullayev və Munis Abdullayevin olduğu bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik bəzi futbol mütəxəssislərini cəzalandırıb. Avstriyalı funksioner əvvəlcə aparıcı mütəxəssis, Şahin Cəfərovu hakim-inspektorluqdan kənarlaşdırıb. O, bu mövsüm heç bir oyuna göndərilməyib. Ş.Cəfərov ona qarşı haqsızlıq edildiyini söyləyib. Fritz Stuxlik saytımıza bildirib ki, Şahin Cəfərov özəl səbəblərə əsasən, hakim-inspektorların müvafiq seminarlarına qatılmadığından hazırda onun təyinatı mümkünsüzdür.
FİFA-nın keçmiş referisi Fariz Yusifov bu mövsüm premyer liqanın bir oyununda olub.
Stuxlikin uzaqlaşdırdığı digər futbol adamı, hakim-inspektor Ruhulla Kərimov üç aydır oyundankənar vəziyyətdədir. Kərimov premyer liqanın 1, birinci divizionun 2 matçında olub. Fritz Stuxlik qeyd edib ki, Ruhulla Kərimovun performansı nəzərə alınaraq, hakim-inspektor kimi təyinat almaması barədə Hakimlər Komitəsinin iclasında qərar verilib.