“Şuşa Qalası” AFFA-dan sevindirici xəbər gözləyir

“Şuşa Qalası” AFFA-dan sevindirici xəbər gözləyir
Futbol, Eksklüziv
28 Yanvar 2021 - 21:22
Supersport.Az-a açıqlamasında Şuşa təmsilçisinin sahibi, baş məşqçisi Nadir Qasımov “Şuşa-Qarabağ” komandasının adının dəyişdirilərək “Şuşa Qalası” edildiyini bildirib. 

“Şuşa-Qarabağ” adı da əla idi. İlk olaraq əsgərlərimizin Şuşanı da erməni işğalından azad edərkən qəhrəmanlığını, şücaətini, igidliyini, canlarından, qanlarından keçməsini nəzərə alaraq klubu “Şuşa Qalası” adlandırmağa qərar verdik. Şuşa qalalarıyla da məşhur olub. Şuşa ictimaiyyətinin xahişinə də önəm verərək, klubun adını “Şuşa Qalası” etdik. Gələcəkdə komandanı da qalalar kimi möhtəşəm etməyi düşünürük. Bu məqamları nəzərə alaraq, inanırıq ki, AFFA “Şuşa Qalası”na kömək edəcək”.


Klub prezidenti, AFFA-dan sevindirici qərar gözlədiklərini deyib.

“Ölkə prezidenti İlham Əliyev Qarabağ bölgəsində də idmanın yüksək səviyyədə inkişaf etdirilməsini vacib hesab edib.

AFFA əvvəllər komandamıza hərtərəfli dəstək olub. Bunun sayəsində birinci divizionda mübarizə apardıq. Altı il sonra maddi problem səbəbindən komanda dağıldı. Yanvarın 29-da AFFA-nın toplantısında qurumun yenidən Şuşa klubuna köməyə qərar verəcəyinə çox böyük ümidimiz var. Yeni komandanı qurmaq üçün vaxt tələb olunur. Əminik ki, AFFA sevindirici qərar verəcək”.

Mütəxəssis, 100-ə yaxın futbolçunun komandada çıxış etmək istədiyini açıqlayıb.

Azərbaycanın əməkdar məşqçisi, “Şuşa Qalası”nın əsas məqsədinin gələcəkdə birinci divizionda çıxış edərək əvvəlcə premyer liqaya, ardından Avrokubok yarışına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etmək olduğunu deyib.

O, qeyd edib ki, yaxın gələcəkdə ən böyük məsələlərdən biri də Şuşada Futbol Akademiyası qurmaq, 4 yaş qrupunda futbolçuları hazırlayaraq milli komandalara verməkdir. 

Digər xəbərlər