Döyüşkən idman jurnalisti mükafatlandırıldı

Döyüşkən idman jurnalisti mükafatlandırıldı
Digər
01 Yanvar 2021 - 20:14
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Daşqın Əziz ilə görüş təşkil edib.

Supersport.Az xəbər verir ki, AİJF-nin prezidenti Qabil Mehdiyev torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsində iştirakına görə D.Əzizə qurumun üzvləri adından təşəkkür edib və onu idman jurnalistlərimizin fəxri adlandırıb.

Q.Mehdiyev bildirib ki, Azərbaycan Vətən müharibəsində tarixi Qələbəyə imza atıb. Qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qısa müddətdə gerçəkləşdirdi. Ölkəmiz bu böyük zəfəri ilə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi.

Sonra AİJF-nin vitse-prezidenti Firuz Abdulla və İdarə Heyətinin üzvü Elşən Məmmədov çıxış edərək Vətən müharibəsində digər gənclərimiz kimi, idman jurnalistlərimizin də böyük şücaət göstərdiklərini qeyd edib, qazi Daşqın Əzizə uğurlar arzulayıblar.

Səmimi görüşə görə AİJF rəhbərliyinə təşəkkürünü bildirən Daşqın Əziz müzəffər Azərbaycan Ordusunun sıralarında döyüşməkdən qürur hissi keçirdiyini bildirib: “44 günlük müharibə zamanı əli silah tutan hər bir kəs dogma torpaqları uğrunda cəsarətlə ölüm-dirim savaşına can atırdı. Bütün azərbaycanlıların ürəyi dogma Qarabağla döyünürdü və hər birimiz yalnız qələbə uğrunda döyüşürdük. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların haqqı ödənməz”. D.Əziz döyüş yolundan bəhs edib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Görüşdə Daşqın Əzizə AİJF-nin “İdman mediasının fəxri” mükafatı, üzvlük vəsiqəsi və xatirə hədiyyəsi təqdim edilib. İdarə heyətinin qərarı ilə AİJF tərəfindən D.Əzizə müalicəsinə dəstək məqsədilə maddi yardım da göstərilib.
Sonda Elşən Məmmədov sədri olduğu İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən, “İlin döyüşkən idman jurnalisti” nominasiyasında qalib gəldiyi üçün qazi idman jurnalistinə təşkilatın mükafatı və xatirə hədiyyəsini tədqim edib.

Tədbirdə qeyd olunub ki, Vətən müharibəsində iştirak edən digər idman jurnalistləri ilə də AİJF-də görüşlər keçiriləcək. Karantin qaydalarına riayət edilməsi məqsədilə və bəzi idman jurnalistlərimizin hələ də ordu sıralarında olması nəzərə alınaraq görüşlər fərdi qaydada keçiriləcək.

Digər xəbərlər