Yunis Hüseynov: "Rəhbərlik çempionluq istəməyib"

Yunis Hüseynov: "Rəhbərlik çempionluq istəməyib"
Futbol
21 Avqust 2020 - 21:40


Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələn "Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynov mətbuat konfransında fikirlərini bölüşüb.
"Bu komandaya 5-6 gündür baş məşqçi təyin olunmuşam. İşlərimin çoxluğu səbəbindən jurnalistlərə cavab verə bilmədim. Ona görə üzr istəyirəm" deyən 55 yaşlı mütəxəssis bildirib ki, bu, çox vacib oyun olub:


"Qələbə qazanaraq, Avropa Liqası matçına yüksək əhval ruhiyyədə çıxmaq istəyirdik. Futbolçularıma təşəkkür edir, rəqibə uğurlar arzulayıram. Düzgün oynayan komanda qalib gəlir, səhv edən komanda uduzacaqdı. Biz səhv etmədən qələbə qazandıq".

Baş məşqçi, bütün futbolçulara yüz faiz bələd olmadığını söyləyib.

Mütəxəssis Avroliqadakı rəqibi yaxıngünlərdə təhlil edəcəklərini qeyd edib:

"Mən son həftədə ancaq "Sumqayıt"ı təhlil etmişəm. Sırf məşq prosesini də buna uyğun etmişəm və Albaniya komandasını düşünməmişəm. Amma sabahdan "Laçi"ni təhlil etməyə başlayacağıq. Rəqibin güclü və zəif tərəflərinə uyğun məşq prosesi keçirəcəyik. Bizim də zəif tərəflərimiz var və bunun üzərində işləyəcəyik".

Y.Hüseynov klub rəhbərliyinin onun qarşısında yaxşı oyun məqsədi qoyduğunu deyib:

"Yaxşı oyun olanda yaxşı nəticə də gəlir. Rəhbərlik də yaxşı oyun istəyib, çempion olmağı yox".

"Keşlə"nin baş məşqçisi bu yaxınlarda mövqeləri gücləndirəcəklərini, rəhbərlikdən transfer istədiyini sözlərinə əlavə edib:

"Bəyəndiyim iki futbolçu var ki, onlarla danışıqlar gedir".


Digər xəbərlər