Azərbaycanda futbol çempionatının başlama tarixi açıqlandı

Azərbaycanda futbol çempionatının başlama tarixi açıqlandı
Futbol
01 İyul 2020 - 00:23
Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start verilə bilər.

 

Supersport.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov yeni mövsümün planları ilə bağlı sosial şəbəkə hesabında məlumat yayıb:


"Premyer Liqa və Azərbaycan Kuboku yarımçıq dayandırıldıqdan sonra verilən sualların 1-ci pilləsini "Yeni mövsüm nə vaxt başlayacaq?" sualı tutur. Bununla bağlı heç kimi qınamaq fikrim yoxdur. Çünki futbol dəqiq planı sevən oyundur, xüsusən də komandaların bu baxımdan tarix bilmələri vacibdir və çox əhəmiyyətlidir. Amma digər tərəfdən başa düşməliyik ki, biz qeyri-ənənəvi günlər keçiririk. Nəinki futbolda, ondan daha da önəmli sahələrdə sabaha ümid olsa da, dəqiq tarixlər yoxdur. Belə vəziyyətdə nələrsə etmək həqiqətən də çox çətindir.

 

Amma biz yenə də iş başındayıq. Məlum qərardan sonra artıq yeni mövsümün hazırlığına start vermişik. Bura bir çox məsələlər daxildir ki, bunu peşəkar liqaların pərdəarxası kimi qəbul edə bilərsiz. O ki qaldı ən çox verilən sualın cavabına. Aşağıda yazacağım mənim şəxsi fikirlərimdir və bunu burada yazmamışdan öncə rəhbərliyə bildirmişəm.

 

Ölkədə peşəkar liqaların keçirilməsində əsas məqsədlər arasında milli komandalara layiqli namizədlər yetişdirmək və avrokuboklara gedəcək komandalar üçün lazimi mühitin formalaşdırılması gəlir. Bildiyiniz kimi, 4 komandamız qarşıdakı avrokuboklarda iştirak edəcək. ÇL-in pley-off mərhələsi istisna olmaqla digər oyunların 1 görüşdən ibarət olması bir az işimizi çətinləşdirir. Nəzərə alaq ki, bizim üçün avrokuboklar mübarizəsi 18-19 avqustda ÇL-də başlanacaq, digər 3 komandamız isə avqustun 27-də Avropa Liqasında mübarizəyə qoşulacaq. Rəqiblərimiz müvafiq olaraq 9-10 avqust tarixlərində bilinəcək.

 

Daha sonra milli komandamız sentyabrın ilk ongünlüyündə iki rəsmi oyuna çıxacaq. Bütün bunlar üçün tələb olunan ilk vacib məsələ oyunçuların yarışlara hazır olması və praktika baxımından əziyyət çəkməməsidir. Bütün bunları eyni zamanda gələn il ölkəmizdə keçirilməsi nəzərdə tutulan AÇ oyunlarını əsas tutaraq hesab edirəm ki, biz Premyer Liqanı avqustun 2-ci həftəsindən gec olmayaraq başlamalıyıq. Sözsüz ki, bütün məqamlarda Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələri, ölkədəki ümumi vəziyyət nəzərə alınmalıdır".

 

Rəis başqa bir təklif də irəli sürüb:


"Mövcud durumu nəzərə alsaq, klublarımızın ölkə xaricinə getməsi bir qədər çətin görünür. Onların çempionata qədər oyun praktikasını bərpa etmək üçün bir mini-turnirdə iştirakını uyğun hesab edirəm. Odur ki, klublar arasında ölkədəki vəziyyət nəzərə alınaraq, iyulun sonu-avqustun əvvəlində mini-turnirin keçirilməsi təkliflərimiz arasındadır. Reallaşacağı təqdirdə detalları ilə bağlı ətraflı danışmaq olar".

Digər xəbərlər