Qurban Qurbanov: "Bu çempionluğun özəl yeri var"

Qurban Qurbanov: "Bu çempionluğun özəl yeri var"
Futbol
18 İyun 2020 - 16:19
"Mövsümün əvvəlində qarşımıza çempionluq hədəfi qoymuşduq. Baxmayaraq ki, Premyer Liqanın bitiminə bir neçə tur qalmış çempionat dayandırıldı. İkinci pillə ilə aramızda 8 xal fərq var idi və çempion olmaq şansımız çox idi. Buna uyğun da AFFA İcraiyyə Komitəsi çempionatın dayandırılmasına və qalibi müəyyənləşdirməyə qərar verdi".



Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında bu mövsümün vaxtından əvvəl başa çatdırılması qərarına münasibət bildirərkən belə deyib.

Klubun mətbuat xidmətinə danışan 48 yaşlı mütəxəssis çempionluq münasibəti ilə futbolçularını təbrik edib:

"Ardıcıl 7 il çempion olmaq çox yaxşı göstəricidir. Neçə ildir bu komandadayam, klub rəhbərliyi, futbolçularla və işçilərlə tək fikrimiz düzgün iş qurmaqdır. Bunu da klubda hər kəs dərk edirdi, bu stabillikdə hamının əməyi var".

Baş məşqçi deyib ki, hər bir uğur əldə etdikdən sonra məsuliyyət daha da çoxalır:

"Bu çempionluğun özəl bir yeri var, ardıcıl 7-ci dəfə Azərbaycanda çempion olduq. Baxmayaraq ki, ağır dövrdür, çətinliklər coxdur. Biz də öz işimizi dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində, həm də öz peşəkarlığımızla görməyə çalışırıq. Çalışacağıq ki, qarşıdakı zamandan düzgün istifadə edək".

Mütəxəssis, sıxıntıların olacağını istisna etməyib:

"Komanda uzun müddətdir rəsmi oyunlara çıxmır. Və avqustun 17-də Çempionlar Liqasının təsnifat mərhələləri başlayır. O vaxta qədər düzgün plan qurmalıyıq. Çempionat başa çatsa da, bizim üçün ən çətin dövr başlayır. Həm transfer dönəmi başlayır, həm də rəsmi oyunlarsız Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmağa daha çox vaxt sərf eləmək lazım olacaq. Bu pandemiya bütün dünyada yayılıb. Hər bir halda çalışacağıq ki, düşdüyümüz situasiyanı qəbul edib bu vəziyyətdə düzgün hazırlaşaq və mövqe tutaq".

Q. Qurbanov "Qarabağ" azarkeşlərinin hər birini təbrik edib:

"Onlar bəlkə də bizdən çox bu çempionluğu gözləyirdilər".

Digər xəbərlər