Azərbaycanlı futbol hakimi koronavirusu məğlub etdi - Foto

Azərbaycanlı futbol hakimi koronavirusu məğlub etdi - Foto
Futbol, Foto
21 Aprel 2020 - 21:21
Supersport.Az-ın məlumatına görə, Türkiyədə Karabük Həvəskarlar Liqasında hakimlik edən azərbaycanlı İsa Məmmədov koronavirusa qalib gəlib.

Gənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkdiyi üçün Karabükdəki xəstəxanada tibbi müayinədən keçərək testinin nəticəsi pozitiv çıxmışdı.

Karabük Eğitim ve Araştırma xəstəxanasında azərbaycanlı referinin koronavirusa qalib gəldiyi məlum olub.

Doqquz gündür müalicə olunan hakimin verdiyi iki testin nəticəsi neqativ çıxıb. Buna görə xəstəxanadan evə buraxılan İsa Məmmədov 14 gün ərzində karantində olacaq.

Türkiyə aktiv Futbol Hakimləri və İnspektorları Dərnəyinin Karabük şöbəsinin rəhbəri Taner Tuncer Azərbaycanın referisinin koronavirusa qalib gəlməsinə çox sevindiklərini bildirib.

"Hakim həmkarımız İsa Mammadovun koronavirusu məğlub etməsinə çox sevindik. Bundan dərhal sonra ona arzularımızı çatdırmaq üçün zəng vurduq. İsa, xəstəxanada qaldığı müddətdə hamıya böyük diqqət yetirildiyini, son iki testin nəticəsinin neqativ çıxdığını, buna görə evə buraxıldığını dedi. Evində 14 günün ardından karantin müddəti bitəcək".

İsa Məmmədov artıq nəfəs almaqda çətinlik çəkmir, dad və qoxu hissləri də tədricən geri qayıdır.

Taner Tuncer deyib ki, referiylə çoxları maraqlanıb:

"İsa Məmmədov, Karabük Valisi Fuat Gürel, Merkez Hakem Kurulu (MHK) Başkanı Zekeriya Alp, Türkiye Faal Futbol Hakemleri ve Gözlemcileri Derneği (TFFHGD) rəhbəri Abdurrahman Arıcı, Karabük və vətəni Azərbaycandan çoxlarının onunla maraqlanmasına görə təşəkkürünü bildrirdi. Biz də evdə qaldığı 14 gün müddətində gənc hakimimizin ehtiyacı olarsa kömək edəcəyik. Allah bütün xəstələrimizə şəfa versin" (İHA).

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.

 

Digər xəbərlər