Türkiyədən AFFA-ya məsləhət verdi, ismarıc göndərdi: "Azərbaycandan təklif gəlsə, çalışaram"

Türkiyədən AFFA-ya məsləhət verdi, ismarıc göndərdi: "Azərbaycandan təklif gəlsə, çalışaram"
Futbol
19 Aprel 2020 - 21:47
Supersport.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis Azərbaycanın futbol milli komandasını çalışdırmaq istədiyini bildirib.



"Akhisarspor"un baş məşqçisi Yılmaz Vural ölkəmiz barədə müsbət fikirlər söyləyib.

Birinci liqa təmsilçisinin türkiyəli çalışdırıcısı, Azərbaycanın "İdman TV"sinə telefonla açıqlamasında təklif alacağı təqdirdə, məmnuniyyətlə gələcəyini qeyd edib.

"Azərbaycan milli komandasına baş məşqçi olmağa yaxın vaxt olub. Ancaq AFFA rəsmiləri Prosineçkini seçdi. Buna baxmayaraq, təklif gəlsə, Azərbaycanda çalışaram. Bu, baş məşqçilik də ola bilər, başqa iş də. Təcrübələrimi yerli məsləkdaşlarımla bölüşməyə hazıram. Məncə, buna ehtiyac var. Gənc məşqçilərin dünya futbolu ilə ayaqlaşmasını təmin etmək və buna uyğun olaraq mütəxəssislər yetişdirmək lazımdır. Federasiyanız bunu etməlidir".

67 yaşlı mütəxəssis, AFFA-ya ismarıc göndərməklə yanaşı, məsləhət də verib:

"Milli komandaya xarici məşqçi gətirməyin. Yerli mütəxəssis lazımdır. Bir ölkənin milli komandasının uğur qazanması üçün məşqçinin çalışdığı ölkənin mentalitetini bilməsi, futbolçulara bələd olması mühümdür. Azərbaycan üçün özümü əcnəbi hesab etmirəm. Eyni dildə danışırıq. Futbolun texniki, taktiki və insani ölçüsü var".

Qeyd edək ki, Y.Vural indiyə qədər Türkiyədə 30-dan çox klubu çalışdırıb. Bu sırada "Trabzonspor", "Antalyaspor", "Bursaspor", "Kasımpaşa", "Denizlispor"la yanaşı, başqa komandalar olub. 

 

 

 

Digər xəbərlər