Avropa Liqasının Bakı finalı milyonlar qazandırıb

Avropa Liqasının Bakı finalı milyonlar qazandırıb
Futbol
30 Yanvar 2020 - 01:37
2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA Avropa Liqasının final matçı ilə əlaqədar Azərbaycana birbaşa 175 milyon manat nağd vəsait daxil olub.

Supersport.Az AFFA-nın 2019-cu il hesabatına istinadən xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamaları əsasında müəyyənləşib. Bildirilir ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı görüşün təşkilindən 680 milyon manat iqtisadi qazanc götürülüb.

Görüşün keçirilməsi üçün isə vergilər də daxil olmaqla 13 milyon 333 min 491 manat xərclənib. Bu məbləğ Azərbaycan Respublikasının dövlət büdcəsindən Maliyyə Nazirliyinin ayırdığı vəsait və AFFA-dan ayırmalar hesabına formalaşıb. Maliyyə Nazirliyindən 11 milyon manat, AFFA-dan 2 milyon 333 min 491 manat ayrılaraq layihənin büdcəsinin formalaşmasına yönəldilib.

Qeyd edək ki, final matçında "Çelsi" "Arsenal"a 4:1 hesabı ilə qalib gəlib.

Digər xəbərlər