Bəxtiyar Vahabzadənin sözləriylə vidalaşan mütəxəssis Azərbaycan yığmasına gətirilə bilər

Bəxtiyar Vahabzadənin sözləriylə vidalaşan mütəxəssis Azərbaycan yığmasına gətirilə bilər
Futbol, Eksklüziv
31 Dekabr 2019 - 23:20
"Trabzonspor"la yolları ayıran baş məşqçi Ünal Karaman azarkeşlərlə vidalaşıb.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, Trabzon valisinə, Böyük Şəhər Bələdiyyə rəhbərlərinə, Daxili İşlər nazirinə, klub prezidenti Əhməd Ağaoğluna, fanatlara xüsusi təşəkkürünü bildirib. Ü.Karaman onunla yolların ayrılması ilə bağlı verilən qərarı anlayışla qarşılayıb.
Türk mütəxəssis, açıqlamasını Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə bitirdiyini qeyd edib:

"Şam əgər yanmırsa, yaşamır demək,

Onun yaşamağı yanmağındadır..."

Bu arada AFFA-nın milli komandaya baş məşqçisi vəzifəsinə Robert Prosineçkini gətirmək istəyi alınmayıb. Xorvat mütəxəssis Türkiyənin superliqa təmsilçisi "Kayserispor"un baş məşqçisi olmağa qərar verib. 

Supersport.Az-a məlumatlı mənbənin verdiyi məlumata əsasən AFFA-nın əsas namizədləri siyahısında 53 yaşlı "Pro" kateqoriyalı məşqçi Ünal Karamanın da olduğu bildirilir. "Trabzonspor"la mütəxəssis qarşılıqlı razılıq əsasında vidalaşıblar. Məşqçiylə 1 illik müqavilə qalmışdı.

Ünal Karaman mövsümün əvvəlindən Trabzon təmsilçisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 71 oyuna çıxıb, 36 qələbə qazanıb, 18 heç-heçə edib, 17 məğlubiyyət alıb. Ünal Karaman 2000–2004-cü illərdə Türkiyə yığmasının baş məşqçisi Şenol Güneşin köməkçisi olub.
"Trabzonspor" hazırda Super Liqada 32 xalla turnir cədvəlində 3-cüdür və lider "Sivasspor"dan 5 xal geri qalır.


Ünal Karaman Türkiyə klubunda illik 4 milyon 500 min lirə (1 milyon 286 min manat) qazanıb.




Klub rəhbərliyi baş məşqçiyə almalı olduğu 2 milyon 250 min lirə (643 min manat) ödəyərək, onu yola salıb.AFFA-nın Ünal Karamanla danışıqlar apardığı, 1.5-2 milyon manata razılaşacağı bildirilir. Türkiyə yığmasının baş məşqçisi Şenol Güneşin Azərbaycan yığmasında çalışdırıcı probleminin həlli yolunda kömək edəcəyi ehtimal edilir. Bir müddət əvvəl Bakıda olan Ş.Güneş AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Xatırladaq ki, Avro-2020-nin final mərhələsinin A qrupunda Türkiyə yığması 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. Türklər iyunun 12-də Romada İtaliya, növbəti iki görüşündə – iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrəylə paytaxtımızda qarşılaşacaqlar. 

 

 

Digər xəbərlər