Çempionlar Liqasının tarixinə düşən "Qarabağ" 16 pillə yüksəldi

Çempionlar Liqasının tarixinə düşən "Qarabağ" 16 pillə yüksəldi
Futbol, Eksklüziv
23 Dekabr 2019 - 17:21
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının 64 illik tarixində mübarizə aparan bütün klubların reytinq cədvəlini açıqlayıb. Hər qələbəyə 2, heç-heçəyə 1 xal verilir. 

Qitə qurumunun siyahısında "Qarabağ"ın yenidən yer alması sevindirici məqamdır. Reytinqdə 520 komanda sırasında Azərbaycanın yeddiqat çempionu 16 pillə irəliləyib.  

ÇL-in 64 illik tarixi ərzində 5-i təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 6 dəfə qitənin bir nömrəli klub turnirində iştirak edən Ağdam təmsilçisi, 41 xalla 100-cü yerdən 84-cü pilləyə yüksəlib.

Çempionlar Liqasında 36 oyun keçirən Azərbaycanın ən güclü klubu, bu matçların 14-də qalib gəlib, 13-də heç-heçəyə nail olub, 9 görüşdə isə uduzub.

"Qarabağ" "Lokomotiv" (Moskva, 97-ci yer), "Astana" (106), "Vilyareal" (111), "Atletik" (114), "Trabzonspor" (116), "Ştutqart" (118), "Nyukasl" (119), "Pünik" (121), "Köln" (124), "Real Sosyedad" (127), "Aston Villa" (128), Düdelanj" (131), "Oser" (136), "Volfsburq" (139) və başqa klubları geridə qoyub. 


"Neftçi" 1 pillə geriləyərək 168-cidir.

Ötən il 513 komandanın olduğu reytinqdə "Qarabağ" 33 xalla 100-cü pillədə qərarlaşmışdı. Azərbaycan çempionu ÇL-in 63 illik tarixi ərzində 4-ü təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 5 dəfə qitənin bir nömrəli klub turnirində mübarizə aparmışdı. "Qarabağ" bu matçların 11-də qələbə qazanıb, 11-də heç-heçə edib, 8 görüşdə isə məğlub olmuşdu.

Qeyd edək ki, Çempionlar Liqasın tarixində ən çox - 50 dəfə iştirakla 437 oyun keçirən "Real Madrid" 600 xalla reytinqə başçılıq edir. "Bayern" (474 xal) ikinci, "Barselona" isə (446 xal) 3-cü yerdədir.

Süleyman Kərimov


 

Digər xəbərlər