Raqif Abbasov: "Qarabağ"ın qələbələri təxribatlara cavabdır"

Raqif Abbasov: "Qarabağ"ın qələbələri təxribatlara cavabdır"
Futbol, Eksklüziv
06 Noyabr 2019 - 10:10

"KOMANDAMIZ 1/8-ə QƏDƏR İRƏLİLƏYƏ BİLƏR"


Supersport.Az-a açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Avrokubokların qrup mərhələsində 6-cı dəfə mübarizə aparan "Qarabağ" komandası haqda maraqlı fikirlərini bölüşüb.

Qurum rəhbəri hesab edir ki, Azərbaycanın yeddiqat çempionu bu səddi də keçib pley-off raunduna vəsiqə qazanacaq.

"Qarabağ"ın səfərdə "Apoel"i məğlub edəcəyinə inandığını bildirən R.Abbasovun fikrincə, komandamız həttta 1/8-ə qədər irəliləyə bilər:  

"Qarabağ"ın "Apoel"ə qalib gəlməsini arzu edirəm. İnanıram ki, bu istəyimizə də çatacağıq. "Qarabağ"ın qrup səddini keçən ilk Azərbaycan klubu olacağını düşünürəm. Fikrimcə, komandamız nəinki 1/16 final mərhələsinə, hətta 1/8-ə qədər irəliləyə bilər. "Qarabağ" buna qadirdir: həm məşqçilər, futbolçular, azarkeşlər, həm də bütün xalqımız. "Qarabağ"a zəfərlər yaraşır".

Azərbaycan paytaxtının idman başçısı, "Qarabağ"ın qələbələriylə erməni təxribatlarına cavab verdiyini bəyan edib:

"Qarabağ" ucaldıqca təxribatlar artacaq. Ancaq belə xoşagəlməz məqamların yeganə cavabı - yaxşı oyun və qələbələrdir.   

"Qarabağ" hazırda daha ağıllı futbol oynayır. Məşqçi heyəti təcrübəsini artıraraq, oyunlara çox diqqətli, praqmatik düşüncəylə yanaşır. Hesab edirəm ki, "Qarabağ" "Apoel", "Sevilya", "Düdelanj"la növbəti qarşılaşmalarda daha yaxşı oyun nümayiş etdirəcək. Komanda oyundan-oyuna güclənəcək. "Qarabağ" ardıcıl 6 ildir qrupda mübarizə aparır. Bu mərhələyə vəsiqə qazanmamaq mənfi hesab oluna bilər. Sabit olaraq qrupa düşən komanda məqsədyönlü fəaliyyət göstərir, klub siyasətini, həmçinin sistemi, menecment, oyunçuların transfer işini düzgün qurub. Baş məşqçi Qurban Qurbanov isə ölkənin ən güclü mütəxəssisidir".

Rəis, sonda arzularını çatdırıb: 

"Azərbaycan azarkeşlərinə daim qələbələr azrzulayıram. Allahın köməyilə xalqımıza Böyük Qarabağımızda da "Qarabağ"ın oyunlarını, uğurlarını izləməyi diləyirəm: Xankəndi, Ağdam, Şuşada. Əminəm ki, bu xoş günləri də görəcəyik". 

Digər xəbərlər