"Qarabağ"a məğlubiyyət "Apoel"in baş məşqçisini istefaya göndərə bilər

"Qarabağ"a məğlubiyyət "Apoel"in baş məşqçisini istefaya göndərə bilər
Futbol
20 Oktyabr 2019 - 12:45
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Apoel"in uğursuz çıxışı baş məşqçi Tomas Dollun tənqid hədəfində olmasına səbəb olub.

Kipr mətbuatı hesab edir ki, komanda çempionatda qələbələr qazansa da, qitə turnirində yaxşı futbol nümayiş etdirmir.

Bəzi jurnalistlər Bakıda məğlubiyyət olacağı təqdirdə, alman baş məşqçi Tomas Dollun istefasının gündəmə gələcəyini düşünür:

"Qarabağ"la Bakıda döyüş olacaq. Məşqçilər və futbolçuların əla fürsəti var ki, özlərini göstərə bilsinlər. Alman mütəxəssis Tomas Dollun qarşıdakı oyunun nəticəsinə əsasən kürsüsü güclənə və ya zəifləyə bilər".

Kipr çempionatında üç oyundan maksimum nəticəylə beşinci pillədə olan "Apoel"in baş məşqçisi Tomas Doll "Doha" üzərində qələbəni şərh edib:

"Bu bizim ən yaxşı oyunumuz olmasa da, üç xal qazandıq. Futbolçular xoş təsir bağışladı, topa nəzarət edə bildi, ancaq sürət aşağı, asan top itkiləri, səhvlər oldu. İkinci qol bizə hədiyyə verildi, bununla oyun bitdi. Komanda inkişaf etməlidir. Gəlin, daha yaxşı futbol oynayaq. Mən "Qarabağ"la döyüşü fikirləşmədim. Hələ ki, komanda düşündüyüm futbolu oynamır".

Oktyabrın 24-də Bakıda "Qarabağ"ın qonağı olacaq "Apoel" xalsız qrupda sonuncudur.

Avropa Liqasının "A" qrupunda iki turdan sonra "Sevilya" 6 xalla liderdir. "Qarabağ" 3 xalla ikincidir. "Düdelanj" (3 xal) üçüncüdür. "Apoel" isə "0"la sonuncudur.  

 

Digər xəbərlər