Dünya idmanında şok qalmaqal: İran təmsilçisini uduzdurdu - Şəkil-Video

Dünya idmanında şok qalmaqal: İran təmsilçisini uduzdurdu - Şəkil-Video
Digər, Cüdo, Video
04 Sentyabr 2019 - 13:31
Supersport.Az-ın məlumatına görə, dünya idmanında şok qalmaqal böyük səs-küyə, kəskin narazılığa səbəb olub. İran və İsrail arasında siyasi gərginlik idman sahəsinə də mənfi təsir edib.

Məsələ burasındadır ki, iranlı Səid Mollayi Yaponiyada keçirilən dünya çempionatının yarımfinalına vəsiqə qazanandan sonra yəhudi cüdoçuyla qarşılaşmamaq üçün ölkəsindən məğlub olmasıyla bağlı ismarıc alıb. Bəzi dövlətin mütəxəssisləri ona psixoloji dəstək verib.

İran İsraili ölkə, yəhudiləri xalq kimi tanımır, qəbul etmir və təmsilçilərinin onlarla kontaktda olmasını qəti qadağan edib.

2018-ci ildə 81 kq çəkidə Bakıda dünya çempionu olan cüdoçu, Tokioda titulunu qorumaq üçün çalışsa da, onun bu arzusunu dövləti İran ürəyində qoyub.



Səidə ölkəsindən yarımfinalda uduzaraq finalda isarilli Saqi Mukiyə rəqib olmamaq göstərişi verildiyi, ailəsinə təzyiq edildiyi haqda xəbər yayılıb.

İran Olimpiya Komitəsinin prezidenti Seyid Rza Salehi Amirinin cüdoçusuna məğlub olması üçün ismarıc çatdırdığı bildirilir.

Cüdoçudan əvvəlcə səkkizdəbir final mərhələsində dayanmaq tələb olunub. Bu zaman İran və İsrail idmançılarının növbəti mərhələlərdə qarşılaşa biləcəyi gözənilirdi. Lakin Səid Mollayi rejimə qarşı çıxaraq rusiyalı olimpiya çempionu Həsən Xalmurzayevi məğlub edib, dörddəbirdə də qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Ancaq İran hökuməti onun istəyini yenidən reallaşdırmağa qadağa qoyub. Buna görə də yarımfinalda Səid Mollayi belçikalı Mattias Kasseyə uduzmalı olub. Yəhudi Saqi Muki finalda ilk dəfə ölkəsinə cüdo üzrə dünya çempionatında qızıl medal qazandırıb.

S.Mollayi açıqlamasında narazılığını bildirib:

"Mən arzumun həyata keçməsi, yenidən dünya çempionu olaraq Olimpiadada mübarizə aparmaq istəsəm də, ölkəmdəki qanunlar səbəbindən bunu edə bilmirəm. Ailəmə görə qorxuram, bilmirəm ki, bununla bağlı necə olacaq. Yarımfinalda cəmi 10 faiz gücümdən istifadə etdim. Mən idmançıyam, siyasətçi deyiləm. Təəssüf ki, İran qanunları mənim sevimli işimlə məşğul olmağıma, mübarizə aparmağa imkan vermir. Mənim seçimim yox idi".

"Mənə qəti şəkildə bildirildi ki, əgər döyüşə çıxsam, ailəmlə bağlı ciddi problem olacaq. Bununla bağlı kömək istəyirəm. İran hökumətindən mənə deyildi ki, rahat evə qayıda bilərsən. Ancaq mən onlara inanmıram. Qorxuram ki, mənə və ailəmə qarşı nəsə etsinlər" deyən iranlı idmançının Yaponiyada dünya çempionatının ardından siyasi sığınacaq almaq üçün Almaniyaya qaçdığı bildirilsə də, cüdoçu bunu təsdiq etməyib:

"Bəli, mənim alman vizam var. Bu, işlə bağlıdır. Siyasi sığınacaq istəməmişəm. Almaniyaya bir neçə illik vizam var. Mən bu ölkədə gözləyəcəm və söz-söhbətlərə cavab verəcəm. Ümid edirəm ki, ailəmdə hər şey qaydasında olacaq. Ola bilər ki, İranın adından yarışlarda iştirak etməyəcəyəm. Olimpiadaya qatılsam, Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edəcəyəm. İstənilən halda, mən medal qazansam doğma vətənimə verəcəyəm. Təəssüf ki, başqa bayraq altında yarışmalıyam. Mən uzun illərdir zəhmət çəkirəm ki, qalib olam, məğlub, təslim olmayım".

Dünya çempionatında iranlı təmsilçiyə dəstək verən Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer idmançını sakitləşdirərək, gələcəkdə konflikti həll edəcəyinə söz verib. S.Mollayi buna görə təşəkkürünü bildirib.

Beynəlxalq Olimpiya Komitəsi İran Olimpiya Komitəsindən bu məsələylə bağlı məlumat tələb edib.

Yaxın günlərdə İran qurumlarına qarşı cəza verilə bilər.


 

 

 

 

 

Digər xəbərlər