AFFA "Neftçi"nin məşqçisinə şok cəza verdi

AFFA "Neftçi"nin məşqçisinə şok cəza verdi
Futbol
03 Sentyabr 2019 - 15:15
Supersport.Az saytının məlumatına görə, AFFA İntizam Komitəsinin növbəti iclasında Premyer Liqanın III turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

"Neftçi" - "Sumqayıt" qalmaqallı görüşü ilə bağlı cəzalar kəsilib. Oyunun 82-ci dəqiqəsində qırmızı vərəqə alan qonaqların oyunçusu Murad Xaçayev 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub. 90+4-cü dəqiqədə ikinci sarı vərəqə alan "Neftçi"nin üzvü Anton Krivotsyuk da eyni cəzaya məruz qalıb və klubunu 200 manat ziyana salıb. Aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov isə 3 matçlıq cəza və 2400 manatlıq cərimə kəsilib.

"Neftçi"nin məşqçisi Etibar Tarıverdiyevin cəzası daha sərt olub. Rəqibin baş məşqçisi Ayxan Abbasova əllə zərbə vuran Tarıverdiyev 20 oyun cəzalanıb, klub 16000 manat cərimələnib.

Ayxan Abbasov isə mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında onun haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

Görüş başa çatdıqdan sonra "Neftçi"yə aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydana daxil olduğu üçün klub 800 manat cərimələnib.

Bundan başqa, "Sabah"la matçda 5 futbolçusu sarı vərəqə alan "Zirə" 800 manat cərimə olunub.

 

Digər xəbərlər