"Qarabağ" qisas almaq, qanımızı içmək istəyəcək"

"Qarabağ" qisas almaq, qanımızı içmək istəyəcək"
Futbol
25 Avqust 2019 - 12:01
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Linfild"in baş məşqçisi Devid Hili cavab oyunu ərəfəsində maraqlı açıqlamayla gündəmə gəlib.

Supersport.Az xəbər verir ki, Şimali İrlandiyanın "Belfast live" portalına müsahibəsində mütəxəssis Azərbaycan klubunu favorit hesab edib:

"Biz matça ciddi hazırlaşacağıq. "Qarabağ"la Bakıdakı görüş mənim məşqçilik karyeramda ən çətin oyun, qarşımda duran ən ağır vəzifə olacaq. Təsəvvür edirəm ki, stadionda 30-35 min azarkeş olacaq. Bu, həqiqətən qisas oyunu kimi bir matç olacaq. Rəqib bizim qanımızı içmək istəyəcək".

Baş məşqçi, komandasının mərhələ keçməkdə israrlı olduqlarını bildirib:

"Əladır ki, məqsədimiz böyükdür və nəyə görə oynayacağıq. Ümid edirəm, istədiyimiz nəticəni qazanacağıq. "Qarabağ"dan gözlənti çoxdur və onlar matçın favoriti olacaqlar.

Komandamla fəxr edirəm. Bilirik ki, qrupa düşmək nə qədər ağırdır. Biz 0:5, 0:6 hesabı ilə uduza da, 1:0 hesabı ilə uda da bilərik. Sadəcə, özümüzə, uğurumuza inanmalıyıq. Futbolda nələr olacağını təxmin etmək çətindir".

"İlk matçda 3:1 hesabı ilə udsaydınız, bu gün favorit "Linfild" olardımı" sualını Devid Hili belə cavablandırıb: 

"Yəqin ki, yox. Mən "Qarabağ"a hər hansı təzyiq etmirəm. Siz oyuna baxdınız və gördünüz ki, rəqib necə yaxşı komandadır. Biz də həqiqətən əla oynadıq. Amma cavab görüşündə də ilk matçdakı kimi çıxış etməliyik. Bu, çox ciddi sınaq olacaq. Fasilədə, 2:1 hesabı ilə irəlidə olanda mən şokdaydım. Siz topla doğru oynayanda həmişə qol vurmaq üçün şansınız olur. Futbolçularımız mükafata layiqdirlər. Çünki onlar "Qarabağ" kimi komandanı udublar. Belə rəqibə qalib gəlmək inanılmazdır".

Xatırladaq ki, "Linfild" ilk matçda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib. Bu komandaların təkrar qarşılaşması avqustun 29-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Digər xəbərlər