İlham Zəkiyev: "Onu məğlub edəcəyimə inanıram"

İlham Zəkiyev: "Onu məğlub edəcəyimə inanıram"
Digər, Ulduz, Cüdo
07 Avqust 2019 - 11:41
26-28 iyul aralığında İtaliyanın Genuya şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Avropa çempionatında ölkəmiz yeni tarixi uğura imza atdı. Belə ki, bunadək kişilərdə beş, qadınlarda isə bir dəfə komanda yarışının qalibi olan görmə məhdudiyyətli cüdoçularımız, ilk dəfə baş tutan qarışıq komanda mübarizəsinin qalibi oldu. Paralimpiya cüdosunda böyük nüfuza malik olduğumuzu nəzərə alsaq, əslində bu uğur gözlənilən idi.

Sözügedən nailiyyətlə bağlı yığmamızın kapitanı İlham Zəkiyevlə söhbətləşdik. O cümlədən, fərdi yarışda da çıxış edərək, gümüş medal qazanan ikiqat paralimpiya çempionu finaldakı məğlubiyyətinə də ətraflı aydınlıq gətirdi.

- Komanda yarışında əsas rəqibinizin Rusiya olacağı gözlənilən idi. Olduqca dramatik alınan yarımfinal görüşündə son nöqtəni siz qoydunuz. Həmin anları xatırlayaq.

- Qaydarovla bunadək doqquz dəfə üz-üzə gəlmişdim. Onların sadəcə, birində o, üstün olub. Həmin görüş də elə AÇ-nin komanda yarışında olub. Komandamız uduzurdu deyə, mənim iştirakımla baş tutan son görüşün nəticəsi simvolik xarakter daşıyırdı. Bu səbəbdən əziyyət çəkmədən qələbəni ona vermişdim. Bu dəfə isə vəziyyət fərqli idi. Sona iki duel qalmış biz 3-1 üstün idik. Həm zədələrim məni narahat edirdi, həm də məndən sonra qadınlardan ibarət komandanın liderlərindən olan Səbinə Abdullayeva çıxış etməli idi. Düşündüm ki, onsuz da yüngül olmayan zədəmi daha da ağırlaşdırmayım, Səbinə onsuz da rusiyalı rəqibini keçəcək və biz rahatlıqla finala çıxacağıq. Qələbəni Qaydara hədiyyə elədim. Lakin iş elə gətirdi ki, Səbinə də uduzdu. Belədə püşk atılmalı, üz-üzə gələn cütlüklərdən biri yenidən tatamiyə dönməli idi. Çox istəyirdim ki, püşk bizə düşsün. Belə də oldu və kapitan kimi üzərimə düşən missiyanı yerinə yetirdim. Halbuki, birinci görüşdən cəmi bir dəqiqə yarım vaxt keçmişdi. Ardınca da İBSA-nın məşhur avropalı cüdoçulardan ibarət yığmasını məğlub edib, çempion olduq. Bu, böyük uğurdur. Dünyanın ən sayılıb-seçilən komandalarından olan Azərbaycan Avropanın ən yaxşısı olduğunu sübut elədi. Azərbaycan Cüdo Federasiyasının bizə verdiyi dəstək, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun arenadan yarışı izləməsi bu qələbədə əhəmiyyətli rol oynadı.

- Bildiyim qədər, bu, fərdi yarışda ilk gümüş medalınızdır. "Qızıl" seriyasını davam etdirmək üçün nə çatmadı?

- Bunadək paracüdo üzrə 8 Avropa çempionatı təşkil olunub. Onlardan yalnız birincisində iştirak etməmişəm. Digər yeddi yarışın qalibiyəm. Bu səbəbdən hər kəs yenidən çempion olacağımı gözləyirdi. Lakin dirsək və çiyin nahiyələrimdəki zədə istədiyim kimi güləşməyə imkan vermədi. Açığı, çoxdandır yaranan bu zədələrə görə, hazırlığımı da istənilən səviyyədə qura bilmədim. Mayda Bakıda keçirilən Qran-Pridən bu yana kimono ilə işləməmişdim. Bununla belə, çıxışımı uğursuz saymıram. Komanda yarışı ilə birgə altı görüş keçirdim, cəmi ikisində məğlub oldum.

- Finalda məğlub olduğunuz gürcü cüdoçu Revaz Çikoidze ilə Bakıda da qarşılaşmışdınız. O, Qran Pridə üçüncü olmuşdusa, bu yarışda və AÇ-dən bir neçə gün əvvəl ABŞ-da keçirilən beynəlxalq yarışda qalib oldu. Necə düşünürsünüz, onu Tokio Yay Paralimpiya Oyunlarında əsas rəqiblərinizdən biri kimi qələmə vermək olar?

- Onsuz da paralimpiadada zəif rəqib olmur. İştirakçıların hamısı seçilmişlərdir. Təbii ki, aralarında bir mərtəbə yuxarıda olanlar var. Reytinqdəki mövqeyimə baxsaq, mən də onlardan biriyəm. Odur ki, nə gürcüdən, nə də başqa birindən çəkinirəm. Revaz keçiləsi rəqibdir. O, nə özbəkistanlı Şirin Şərifovla, nə də son dünya çempionu, iranlı Mohammedreza Xeyrullazadə ilə müqayisə oluna bilər. Heç dəfələrlə məğlub etdiyim yaponiyalı paralimpiya çempionu Masaki Kentoya da yaxın düşməz. Tam hazır vəziyyətdə çıxacağım hər hansı yarışda onu məğlub edəcəyimə inanıram.

- Bu arada, dördilliyin zirvə yarışına cəmi bir il qalıb. Son yarışlarda "qızıl"sız qalmağınız sizi ruhdan salmayıb?

- Qətiyyən. Son dünya çempionatında üçüncü olmasaydım, bəlkə də, hardasa ruhdan düşərdim. Xüsusi qeyd etmək istəyirəm ki, orada son Paralimpiya Oyunlarının finalçısı Silva Araujonu məğlub etdim. Rəqabət səviyyəsi nə qədər artsa da, istənilən rəqiblə mübarizə aparmaq olar. Mən hazırda bu gücü özümdə hiss edirəm. Afina və Pekin paralimpiadalarının qalibi kimi Londona yola düşən İlham Zəkiyev eyni özünəinamla "Tokio-2020"ni gözləyir.

Sahib Əsədbəyli

Digər xəbərlər